Dəfnin gecikməsi dinə ziddir, yoxsa...? – Tanınmış ilahiyyatçı İrandakı müzakirələrə NÖQTƏ QOYDU!

İranda ali dini lider Əli Xameneinin vəfatından sonra onun dəfn mərasiminin müəyyən müddət gecikməsi müxtəlif müzakirələrə səbəb olub. Bu fonda İslam dinində meyitin nə qədər müddət saxlanılmasının mümkün olub-olmaması və dəfnin gecikdirilməsinə dini baxımdan necə yanaşıldığı sual doğurur.

Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən ilahiyyatçı Elşad Miri bildirib ki, İslam dinində bu məsələ ilə bağlı konkret vaxt məhdudiyyəti müəyyən edilməyib.

Onun sözlərinə görə, İslam dinində əsas diqqət ölülərdən daha çox dirilərin həyatına və davranışına yönəlib.

"Bizim problemlərdən biri odur ki, yalnız insan vəfat etdikdən sonra İslam yada düşür və dini qaydalar müzakirə olunur. Halbuki İslam dinində əsas məsələ ölüm deyil, dirilərlə bağlıdır. Yasin surəsində də Qurannın dirilər üçün olduğu xüsusi olaraq qeyd edilir", – deyə o bildirib.

İlahiyyatçı qeyd edib ki, meyitin neçə gün saxlanılması ilə bağlı İslamda konkret müddət müəyyən olunmayıb:

"Bir nəfərin nə qədər saxlanılacağını konkret rəqəmlə demək mümkün deyil. Elə yerlər var ki, orada soyuducu yoxdur və ya araşdırılmalı hər hansı məsələ mövcud deyil. Həkim ölüm faktını təsdiqlədikdən sonra həmin şəxs dərhal dəfn edilir. Amma ölüm səbəbi ilə bağlı araşdırma aparılmalıdırsa, yaxud meyitin saxlanılması üçün soyuducu və müvafiq şərait varsa, eləcə də başqa zəruri səbəblər mövcuddursa, onun müəyyən müddət saxlanılmasında heç bir problem yoxdur".

Elşad Miri vurğulayıb ki, bu məsələnin dinlə əlaqələndirilməsi düzgün deyil:

"Bunun dinlə əlaqəli olaraq neçə gün saxlanılması barədə hər hansı müddət yoxdur. İslam dini bunu qadağan etmir. Bu məsələnin İslamla birbaşa əlaqəsi yoxdur."

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki