Artıq yay gələr gəlməz havaların isinməsi ilə evlərdə, ofislərdə və avtomobillərdə kondisionerlərə olan tələbat pik həddə çatır. Bizi istilərdən qoruyan bu cihazlar, reallıqda böyük bir rahatlıq bəxş etsə də, ciddi bir təhlükəni də özündə gizlədir.
Referans Media Musavat.com-a istinadən xəbər verir ki, həkimlər hər il yay aylarında kondisioner qaynaqlı xəstəliklərin kəskin artdığını bildirir və insanları mütəmadi istifadə zamanı diqqətli olmağa çağırırlar. Çünki bizi sərinlədən bu vasitə, bəzən fərqində olmadan sağlamlığımızın əsas düşməninə çevrilə bilir.
Həkim-mütəxəssislərin rəyinə görə, kondisionerin yanlış istifadəsi orqanizmdə zəncirvari mənfi reaksiyalara səbəb olur. Bu cihazların daxili hissələrində, rütubətli mühitdə çoxalan xüsusi bakteriyalar havaya yayılaraq ciddi ağciyər infeksiyalarına və hətta ağır sətəlcəmə yol aça bilir. Bununla yanaşı, soyuq havanın birbaşa bədənə vurması kəskin əzələ ağrılarına, boyun və bel tutulmalarına səbəb olur. Kəskin temperatur fərqi isə bədənin immunitetini zəiflədir və nəticədə yay aylarında boğaz ağrısı, faringit, tonzillit kimi infeksiyalar baş qaldırır. Eyni zamanda, kondisioner mühitdəki rütubəti özünə çəkdiyi üçün gözlərdə quruluq, yanma və dəridə qabıqvermə kimi problemlər də qaçılmaz olur.
Bu cür xoşagəlməz hallarla qarşılaşmamaq üçün həkimlərin tövsiyə etdiyi bir neçə qızıl qaydaya mütləq əməl olunmalıdır. İlk növbədə, çöldəki hava ilə otaq temperaturu arasındakı fərq 7-8 dərəcədən çox olmamalıdır. Yay üçün ideal otaq temperaturu 22-24°C hesab edilir və temperaturu birdən-birə aşağı salmaq bədən üçün böyük şok yaradır. Digər vacib məqam isə hava axınının istiqamətidir; kondisionerin qanadları elə tənzimlənməlidir ki, soyuq hava birbaşa insanların üzərinə yox, tavana və ya boş divara doğru üfürülsün.
Kondisioner işləyən zaman otaqdakı eyni hava dövr etdiyi üçün daxildəki oksigen azalır və zərərli mikroblar havada asılı qalır. Bunun qarşısını almaq üçün gün ərzində müəyyən saatlarda cihazı söndürüb pəncərələri açmaq və otağı təbii yolla havalandırmaq lazımdır. Həmçinin, cihazın filterlərini yay mövsümü ərzində ən azı ayda bir dəfə təmizləmək və ya texniki baxışdan keçirmək infeksiya riskini minimuma endirir. Bənzər diqqət avtomobillərdə də göstərilməlidir; gün altında qızmış maşına minən kimi dərhal kondisioneri son xodda yandırmaq əvəzinə, əvvəlcə pəncərələri açıb isti havanı çıxarmaq, daha sonra soyutmanı pilləli şəkildə qoşmaq lazımdır.
Pulmonoloq Əsəd Beydullayev Musavat com-а deyib ki, bəzi hallarda yay aylarında pnevmoniya hallarının qışla müqayisədə daha çox müşahidə olunur: “Bu, qəribə səslənsə də, əsas səbəblərdən biri kondisionerlərin istifadəsidir. Kondisionerin yaratdığı soyuq bir tərəfdən orqanizmə təsir edir, digər tərəfdən isə "Legionella" adlı infeksiya vasitəsilə pnevmoniyaya səbəb ola bilər. Bu bakteriya kondisionerin içində və nəm mühitlərdə yaşaya bilir. Bu cür infeksiyaların diaqnostikası və müalicəsi də çətin olduğundan pnevmoniya hallarının sayı arta bilir. Amma bu, sağalan xəstəlikdir”.
