ABŞ-da keçirilən aralıq seçkilərdə Demokratlar Partiyasının qələbəsi dünya ölkələrinin hökumətləri və siyasətçiləri tərəfindən müxtəlif reaksiyalarla qarşılanıb. Xarici liderlər seçkilərin nəticələrinin beynəlxalq ticarətə, təhlükəsizliyə və enerji daşıyıcılarının qiymətlərinə mümkün təsirlərini dəyərləndiriblər.
Rfeerans Media bildirir ki, “Reuters” agentliyi Avropa, Asiya, Afrika və Yaxın Şərq ölkələrinin nümayəndələrinin açıqlamalarını təhlil edib.
İspaniyanın Baş naziri Pedro Sançes bildirib ki, amerikalı seçicilər insanları yoxsullaşdıran siyasətə, nifrətə, seksizmə, iqlim dəyişikliyinin inkarına və elitanın imtiyazlarına qarşı mövqe nümayiş etdiriblər. O, ABŞ-dakı nəticələrlə Braziliyada keçirilən seçkilər arasında paralellər apararaq İspaniyada da oxşar siyasi dəyişikliklərin baş verəcəyini proqnozlaşdırıb.
Norveçin Baş naziri Yonas Qar Störe seçkilərin nəticələrini ABŞ seçicilərinin əhval-ruhiyyəsinin dəyişdiyini göstərən güclü siyasi siqnal adlandırıb. Onun sözlərinə görə, ABŞ siyasətində iqlim, xarici siyasət və inkişaf etməkdə olan ölkələrə yardım məsələlərində Norveçin mövqeyinə daha yaxın olan səslər güclənir.
Avropa Parlamentinin sədr müavini Kristel Şaldemose isə ehtiyatlı nikbinlik ifadə edib. O qeyd edib ki, demokratların qələbəsi Ukraynaya dəstəyin davam etdirilməsinə, ekoloji keçidin sürətləndirilməsinə və digər ölkələrlə münasibətlərin yaxşılaşdırılmasına töhfə verə bilər. Bununla yanaşı, Şaldemose Avropa İttifaqının strateji müstəqilliyini gücləndirməyə davam etməsinin vacibliyini vurğulayıb.
Belçikanın müdafiə naziri Teo Franken isə ABŞ-da daxili siyasi qütbləşmənin güclənməsi səbəbindən yaxın illərdə ölkəni idarə etməyin son dərəcə çətin olacağını bildirib. O, Avropa üçün əsas məsələlər sırasında ticarət siyasətini, Ukraynaya dəstəyi və NATO ilə münasibətləri göstərib.
Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa seçkilərin nəticələrinin beynəlxalq münasibətlərdə yeni dövrün başlanmasına səbəb ola biləcəyini deyib.
Yaponiya, Yunanıstan və Tayvan nümayəndələri isə səsvermənin nəticələrinin Vaşinqtonla münasibətlərin əsas prinsiplərini dəyişməyəcəyini vurğulayıblar. Tokio ABŞ-la müttəfiqliyi xarici siyasətinin və təhlükəsizliyinin təməl daşı adlandırıb.
Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov Moskvanın Ukrayna və digər beynəlxalq məsələlərlə bağlı siyasətinin ABŞ-dakı siyasi dəyişikliklərdən asılı olmadığını bəyan edib.
İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf isə seçkilərin nəticələrini amerikalıların müharibəyə qarşı çıxması kimi qiymətləndirib.
Çexiyanın Baş naziri Andrey Babiş demokratların qələbəsinin ABŞ-da siyasi iflicə səbəb ola biləcəyini ehtimal edib. Onun fikrincə, bu vəziyyət impiçment mübarizəsi və prezident vetoları ətrafında qarşıdurma ilə müşayiət oluna bilər. Bununla belə, Babiş Donald Trampın Ukraynadakı müharibəni başa çatdırmaq və Hörmüz boğazındakı münaqişəni həll etmək vədinə qayıdacağına ümid etdiyini açıqlayıb.
Fransanın maliyyə naziri Roland Leskyur isə bundan sonra Trampın amerikalıların ondan narazılığını nəzərə alacağına və siyasi kursunu dəyişəcəyinə ümid etdiyini deyib.
“Reuters”in məlumatına görə, demokratlar ABŞ Konqresinin hər iki palatasında çoxluğu əldə ediblər. Bununla belə, Donald Tramp prezident olaraq qalır və xarici siyasət sahəsində əhəmiyyətli səlahiyyətlərini qoruyub saxlayır./Globalinfo.az
