Övladınız 18 yaşına çatdısa... – Valideynlər üçün mühüm aliment XƏBƏRİ!

Övladın 18 yaşına çatması valideynin aliment ödəmək öhdəliyinə xitam verilməsi ilə nəticələnir. Lakin yetkinlik yaşına çatmış övladın maddi təminatla bağlı hüquqları müəyyən hallarda davam edə bilər. Bəs ali təhsil müəssisəsində oxuyan övlad 18 yaşından sonra valideynindən aliment tələb edə bilərmi? Qanunvericilik bu məsələni necə tənzimləyir?

Referans Media-ya açıqlama verən hüquqşünas Ümid Hüseynov bildirib ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 113.2.1-ci maddəsinə əsasən, uşaq 18 yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə, məhkəmə qaydasında müəyyən edilmiş alimentin ödənilməsinə xitam verilir.

Onun sözlərinə görə, övladın ali təhsil müəssisəsinə qəbul olunması və ya əyani formada təhsilini davam etdirməsi valideynin aliment ödəmək öhdəliyinin avtomatik olaraq uzadılmasına əsas vermir.

Hüquqşünas qeyd edib ki, bu məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli qərarı da xüsusi əhəmiyyət daşıyır. Həmin qərarda ümumi orta təhsildən fərqli olaraq, əlavə və ya peşə təhsilinin, eləcə də ali təhsilin seçim xarakterli olması, müsabiqə əsasında təşkil edilməsi və daha çox fərdin maddi vəziyyəti ilə bağlılığı nəzərə alınaraq, övladın ali təhsil alması ilə əlaqədar yaranan xərclərin valideynlərdən məcburi qaydada tələb edilməsinin hüquqi əsasının olmadığı ifadə edilib.

Bununla belə, qanunvericilikdə müəyyən istisna nəzərdə tutulub.

Ü.Hüseynov bildirib ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar.

Onun sözlərinə görə, bu halda alimentin ödənilməsi barədə razılaşma olmadıqda, övlad məhkəməyə müraciət edə bilər. Alimentin məbləği isə tərəflərin maddi və ailə vəziyyəti nəzərə alınmaqla sabit pul məbləğində müəyyən edilir.

Gülnaz Abdullazadə

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki