ABŞ-ın İrana qarşı mümkün hərbi addımları və İsrailin bu prosesə təsiri beynəlxalq gündəmdə müzakirə olunmaqda davam edir. Amerikalı jurnalist Taker Karlsonun ABŞ Prezidenti Donald Tramp administrasiyasının İsrailin Baş naziri Benyamin Netanyahunun təsiri ilə İrana nüvə zərbəsi endirə biləcəyi barədə iddiası da bu müzakirələri yenidən aktuallaşdırıb. Belə bir addımın Yaxın Şərqdə və qlobal miqyasda hansı nəticələrə səbəb ola biləcəyi diqqət mərkəzindədir.
Referans Media-ya açıqlama verən politoloq Aydın Quliyev bildirib ki, Trampın növbəti dəfə Netanyahunun təkidi və ya tələbi ilə İrana zərbə endirməsi onun siyasi karyerasında ən ağır və bağışlanmaz səhvlərdən biri ola bilər.
Politoloqun sözlərinə görə, Trampın İranla müharibəyə Netanyahunun təhriki və ya tələbi ilə başladığına dair iddialar mövcuddur və bu iddiaları təsdiqləyən çoxsaylı əsaslar var. Hətta İsrail kəşfiyyatının Trampa müharibənin çox qısa müddətdə ABŞ-ın qələbəsi ilə başa çatacağı barədə məlumatlar verdiyi də bildirilir. Lakin indiyədək aparılan hərbi əməliyyatlar praktik olaraq ciddi nəticə verməyib.
A.Quliyev hesab edir ki, Trampın yenidən Netanyahunun təsiri altına düşməsi ehtimalı müzakirə oluna bilər. Bununla belə, müharibədə Trampın və Netanyahunun fərqli məqsədləri var.
Onun fikrincə, Netanyahunun İranla müharibənin yenidən qızışmasında maraqlı olması daha çox daxili siyasi səbəblərlə bağlıdır. Belə ki, ona qarşı qaldırılmış cinayət işləri, həmin işlərin davam etdirilməsi perspektivi, eləcə də seçkidən sonra hökumətin formalaşdırılması ilə bağlı yaranan böhran fonunda İranla müharibənin yenidən başlaması Netanyahu üçün siyasi fasiləyə və zəruri fürsətə çevrilə bilər.
Politoloq əlavə edib ki, Netanyahu İranda hakimiyyətin tamamilə dəyişdirilməsi və İsrailin maraqlarına uyğun mövqe sərgiləyən yeni iqtidarın formalaşdırılması məqsədindən də geri çəkilməyib. O, bu məqsədə Trampın İrana zərbələri nəticəsində nail ola biləcəyini düşünür.
A.Quliyevin sözlərinə görə, Trampın hədəfləri isə ilk gündən İranın nüvə proqramını məhv etməkdən ibarət olub. ABŞ Prezidenti artıq İranın nüvə potensialını məhv etdiklərini bəyan etdiyindən, öz məqsədinə çatdığını hesab edə bilər. Bu baxımdan, politoloq düşünür ki, İranın nüvə proqramının məhv edilməsi Trampın əsas hədəfi idisə, bundan sonra ölkəyə yenidən zərbə endirmək onun üçün o qədər də zəruri deyil.
Politoloq bildirib ki, hazırda Trampın Netanyahunun istəklərinə uyğun qərar qəbul edib-etməyəcəyini gözləmək qalır. Bununla yanaşı, onun İrana nüvə zərbəsi endirməsi ehtimalını çox zəif qiymətləndirir.
A.Quliyev qeyd edib ki, İran hazırkı şəraitdə ABŞ-ın mövcudluğu üçün qarşısıalınmaz təhlükə yaratmır. Bu səbəbdən Vaşinqtonun Tehrana qarşı nüvə silahından istifadə etməsi real görünmür.
Onun fikrincə, Tramp dünyada nüvə silahına malik yeganə ölkənin ABŞ olmadığını da nəzərə almaya bilməz. Əgər dünyada yalnız ABŞ nüvə silahına sahib olsaydı, 1945-ci ildə Yaponiyaya atom bombası atılması kimi, İrana qarşı da belə bir addımı təsəvvür etmək mümkün olardı. Lakin hazırda nüvə silahına malik çoxsaylı ölkələr var və ABŞ-ın İrana qarşı ilk nüvə zərbəsini endirməsi sonrakı cavab zərbələri riskini də artırar.
Politoloq vurğulayıb ki, Trampın belə bir qərar qəbul edəcəyi təqdirdə, İrandan, eləcə də Rusiyadan, Çindən və digər ölkələrdən növbəti nüvə zərbələrinin endirilməsi ehtimalı nəzərə alınmalıdır. Onun qənaətinə görə, bir nüvə zərbəsi bəşəriyyət tarixi üçün son dərəcə təhlükəli olan ardıcıl nüvə hücumlarına səbəb ola bilər. Məhz bu risklərə görə Trampın İrana qarşı nüvə silahından istifadə qərarı verəcəyini düşünmür.
Gülnaz Abdullazadə
