Azərbaycanda qazla işləyən məişət cihazları üçün noyabrın 6-dan yeni təhlükəsizlik tələbləri qüvvəyə minəcək. Yeni qaydalar qaz plitələri, kombilər, su qızdırıcıları və digər məişət avadanlıqlarının təhlükəsizlik meyarlarına uyğun olmasını nəzərdə tutur. Dəyişikliklərin əsas məqsədi qaz sızması, dəm qazından zəhərlənmə və digər təhlükəli halların qarşısını almaqdır. Bununla yanaşı, yeni standartların məhsulların qiymətinə və bazardakı təklifə təsiri də müzakirə olunur.
Referans Media-ya açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, yeni təhlükəsizlik tələbləri ilk növbədə istehlakçıların həyat və sağlamlığının qorunması, qaz sızması və dəm qazı ilə bağlı hadisələrin azaldılması, eləcə də bazarda müasir standartlara cavab verən məhsulların payının artırılması baxımından əhəmiyyətlidir.
Onun sözlərinə görə, yeni qaydalar qaz avadanlıqlarının idxalçılarına və satıcılarına da təsir göstərəcək. Texniki reqlament qaz plitələri, kombilər, su qızdırıcıları və digər məişət qaz avadanlıqları üçün konkret təhlükəsizlik meyarları müəyyən edir. Bu məhsulların ölkəyə idxalı zamanı müvafiq yoxlamalardan keçirilməsi tələb olunacaq.
Ekspert qeyd edib ki, həmin meyarlar qaz birləşmələrinin hermetikliyini, alovun sabit yanmasını, yanmamış qazın toplanmasının qarşısının alınmasını, eləcə də dəm qazı riskinə qarşı qoruyucu sistemlərin mövcudluğunu əhatə edir. Onun fikrincə, bu tələblər ilk növbədə vətəndaşların sağlamlığının qorunmasına və həyat üçün təhlükələrin aradan qaldırılmasına xidmət edir.
V.Oruc bildirib ki, dəyişikliklərin müsbət tərəflərindən biri qaz sızması ehtimalının azalması olacaq. Eyni zamanda, keyfiyyətsiz və təhlükəsizlik standartlarına cavab verməyən məhsulların ölkə bazarına daxil olmasının qarşısı alına, dəm qazından zəhərlənmə və ölüm halları azala bilər. İstehlakçılar isə məhsul seçərkən daha təhlükəsiz, etibarlı və sağlamlığa zərər verməyən avadanlıqlara üstünlük vermək imkanı qazanacaqlar.
Onun qənaətinə görə, bütün bunlar bazarın sağlamlaşmasına, şəffaflaşmasına və istehlakçı yönümlü olmasına gətirib çıxaracaq.
Qiymət artımı ehtimalına toxunan ekspert qeyd edib ki, yeni tələblər məhsulların qiymətinə təsirsiz ötüşməyəcək:
“Qiymətlərə təsir göstərəcəkmi? Bəli, təsir göstərəcək. Keyfiyyətli mallar daha yüksək qiymətə təklif olunur. Ucuz mallarda isə bir çox hallarda keyfiyyət göstəriciləri aşağı olur. O baxımdan düşünürəm ki, qiymətlərə ciddi təsir göstərəcək”.
V.Oruc qiymət artımının əsas səbəbləri sırasında idxal, sertifikatlaşdırma və digər xərclərin yüksəlməsini göstərib. Onun sözlərinə görə, yeni qaydalar çərçivəsində sənədləşmə, uyğunluq sənədlərinin alınması, məhsulların yoxlanılması və logistika ilə bağlı əlavə xərclər yarana bilər. Bu isə satış xərclərinin artmasına və keyfiyyətli məhsulların bazara daha yüksək qiymətlə təqdim edilməsinə səbəb olacaq.
Ekspert hesab edir ki, yeni tələblər bazarda keyfiyyət amilini əsas meyara çevirəcək. Uyğunluq sənədləri və texniki göstəricilərlə bağlı tələblər satış və idxal prosesində müəyyən ləngimələrə, çətinliklərə, nəticədə isə məhsul çeşidinin azalmasına gətirib çıxara bilər. Bununla yanaşı, keyfiyyətə və müasir standartlara üstünlük verən şirkətlərin bazardakı imkanları genişlənəcək. Beləliklə, bazarda peşəkarlıq və keyfiyyət meyarları ön plana çıxacaq.
V.Oruc əvvəllər alınmış qaz cihazlarına da münasibət bildirib. O qeyd edib ki, zaman keçdikcə vətəndaşlar köhnə avadanlıqları təhlükəsizlik tələblərinə cavab verən, dünya bazarında qəbul olunmuş müasir cihazlarla əvəzləmək imkanlarını nəzərdən keçirməlidirlər.
Ekspertin sözlərinə görə, hazırda evlərdəki bütün köhnə cihazların yoxlanılması, ləğv edilməsi və ya dəyişdirilməsini nəzərdə tutan konkret proqram olmasa da, bu istiqamətdə tövsiyə və maarifləndirmə işlərinin aparılması mümkündür. Gələcəkdə istehlakçıların seçimlərinin müasir təhlükəsizlik tələblərinə cavab verən cihazlara yönələcəyi gözlənilir.
O, yeni tələblərin vətəndaşlar üçün əlavə maliyyə yükü yaradacağını da istisna etməyib. Bildirib ki, bazarda əlavə texniki və peşəkarlıq tələblərinin tətbiqi müəyyən bahalaşmaya səbəb olacaq və bu maliyyə yükünü etiraf etmək lazımdır.
Gülnaz Abdullazadə
