Təhsil Plus kartları ilə bağlı yeni güzəşt qərarı təhsil işçiləri arasında müzakirələrə səbəb olub. Noyabrın 3-dən dekabrın 1-dək ictimai nəqliyyatda ilk gedişin 1 qəpik olması nəzərdə tutulur. Lakin güzəştin müddətinin uzadılması, eləcə də tələbələrə də şamil edilməsi təklif olunur.
Təhsil eksperti Elçin Əfəndi Referans Media-ya açıqlamasında güzəşt mexanizminin daha geniş tətbiqinin vacibliyini vurğulayıb.
Ekspert bildirib ki, “Təhsil Plus” kartları təhsil müəssisələrində çalışan müxtəlif kateqoriyalı əməkdaşları əhatə edir:
“Burada fərq yoxdur, şəxs texniki heyət işçisidir, pedaqoqdur, yəni təhsil verəndir, yaxud idarə heyətinin üzvüdür. Təhsil işçilərinə müvafiq olaraq həmin kartlar təqdim olunur. Düzdür, bu, hazırda bütün təhsil işçilərini əhatə etmir, amma qarşıdakı dövrdə onların hamısının bu imkandan yararlanması nəzərdə tutulur”.
Elçin Əfəndinin sözlərinə görə, hazırda qəbul edilən qərara əsasən, noyabrın 3-dən dekabrın 1-dək ictimai nəqliyyatdan istifadə zamanı ilk gediş haqqı cəmi 1 qəpik təşkil edəcək:
“Dekabrın 1-dən sonra isə əvvəlki tarif qaydasının tətbiq olunması nəzərdə tutulur. Ancaq bizim təklifimiz və tövsiyəmiz budur ki, qəbul edilən qərarın qüvvədə olma müddəti tədris ilinin sonuna qədər uzadılsın. Düşünürəm ki, bu, təhsil işçiləri üçün yaxşı olar”.
Ekspert güzəştin tələbələrə də şamil edilməsini təklif edir. Onun fikrincə, “Tələbə Plus” kartı sahibləri üçün də oxşar mexanizmin tətbiqi məqsədəuyğun olardı:
“Düzdür, burada standart tariflə hesablamadan sonra 10 faiz bonus tətbiq olunması nəzərdə tutulur. Ancaq düşünürəm ki, güzəşt prinsipinin bütün tədris ili ərzində tətbiqi vacibdir. Həm tələbələr, həm də təhsil verənlər üçün belə yanaşma mütərəqqi olardı”.
Elçin Əfəndi xarici ölkələrin təcrübəsinə də diqqət çəkərək bildirib ki, ictimai nəqliyyatda güzəştlərin tətbiqi üçün müxtəlif mexanizmlərdən istifadə etmək mümkündür:
“Avropa ölkələrinin təcrübəsinə baxsaq, Böyük Britaniyada illik nəqliyyat ödənişi mexanizmi mövcuddur. Şəxs ictimai nəqliyyatdan istifadə üçün bir il əvvəlcədən ödəniş etdikdə ona 50 faiz güzəşt tətbiq olunur. Məsələn, gediş haqqı 1 manatdırsa, illik ödəniş hesabına bu məbləğ 50 qəpiyə düşür”.
Təhsil eksperti başqa bir güzəşt modelinin də tətbiqini mümkün hesab edir. Onun fikrincə, təhsil işçilərinin kartlarına aylıq müəyyən sayda pulsuz gediş yüklənə bilər:
“Belə bir variant da təklif etmək olar ki, hər bir təhsil işçisinin kartına ay ərzində 60 pulsuz gediş təqdim edilsin. Həmin gedişlər başa çatdıqdan sonra isə növbəti istifadə üçün standart tarif tətbiq olunsun. Düşünürəm ki, bu mexanizm də effektiv ola bilər”.
Sonda Elçin Əfəndi qeyd edib ki, güzəştlərin əhatə dairəsi genişləndirilməli, “Təhsil Plus” kartı olan bütün şəxslərə eyni qaydada tətbiq edilməlidir. Onun fikrincə, analoji imkanların “Tələbə Plus” kartı sahibləri üçün də yaradılması həm təhsil işçilərinin, həm də tələbələrin ictimai nəqliyyat xərclərinin azaldılmasına töhfə verə bilər.
