ChatGPT ilə saxta sürücülük vəsiqəsi hazırladı – məhkəmə cəzasını verdi

Rusiyanın Dağıstan bölgəsində bir kişi ChatGPT-nin köməyi ilə saxta sürücülük vəsiqəsi hazırlayaraq avtomobil idarə edib.

Referans Media xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, kişi 2026-cı ilin yanvarında internetdən Rusiya sürücülük vəsiqəsinin PDF formatında şablonunu yükləyib. Daha sonra süni intellektin köməyi ilə sənədə öz məlumatlarını və uydurduğu vəsiqə nömrəsini əlavə edib.

O, sənədi rəngli printerdə çap etdikdən sonra üzərini şəffaf örtüklə bağlayıb, kənarlarını alışqanla qızdıraraq laminasiya görüntüsü yaratmağa çalışıb. Bundan sonra saxta vəsiqə ilə “Lada Qranta” markalı avtomobilin sükanı arxasına keçib.

Lakin onun saxtakarlığı yol polisi əməkdaşları ilə ilk qarşılaşmasında üzə çıxıb. Məlum olub ki, saxta sənəddə göstərilən nömrə əslində başqa şəxsə məxsusdur.

Məhkəmədə təqsirini tam etiraf edən kişi törətdiyi əmələ görə peşman olduğunu bildirib. Ona 1 il 2 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.

Bundan əlavə, məhkəmə qərarı ilə onun müvafiq razılıq olmadan yaşadığı bələdiyyə ərazisinin hüdudlarını tərk etməsi qadağan edilib. O, həmçinin hər ay nəzarət orqanında qeydiyyatdan keçməli olacaq./Musavat.com

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki