Azərbaycanda kənd təsərrüfatı istehsalının artırılması, fermerlərin stimullaşdırılması və ərzaq təhlükəsizliyinin gücləndirilməsi məqsədilə yeni subsidiya mexanizmləri tətbiq olunur. Aqrar Subsidiya Şurasının qərarına əsasən, 22 ixtisaslaşmış rayonda müasir suvarma sistemlərindən istifadə etməklə buğda əkən fermerlərə hər hektara görə 400 manat subsidiya veriləcək. Ənənəvi suvarma və dəmyə üsulu ilə aparılan taxıl əkinləri üzrə isə bu məbləğ 200 manat müəyyən edilib.
Dəyişikliklər yalnız bitkiçiliklə məhdudlaşmır. Milli at cinslərinin qorunması və artırılması məqsədilə qeydiyyata alınmış “Qarabağ” və “Dilbaz” atlarının saxlanmasına da illik subsidiya ayrılacaq. Bununla yanaşı, heyvandarlıq, balıqçılıq, süd istehsalı, toxumçuluq və digər aqrar istiqamətlər üzrə yeni dəstək mexanizmləri nəzərdə tutulur.
Bəs yeni subsidiya mexanizmləri kənd təsərrüfatında ciddi dönüş yarada biləcəkmi? Dövlət dəstəyinin artması yerli ərzaq istehsalına və bazar qiymətlərinə necə təsir göstərəcək?
Aqrar sahə üzrə ekspert, iqtisadçı Akif Nəsirli mövzu ilə bağlı Musavat.com-a deyib ki, yeni subsidiya mexanizmləri kənd təsərrüfatında istehsalın artırılması və fermerlərin fəaliyyətinin stimullaşdırılması baxımından müsbət addımdır: “Xüsusilə müasir suvarma sistemlərindən istifadə etməklə buğda əkən fermerlərə hər hektara 400 manat subsidiya verilməsi su ehtiyatlarından daha səmərəli istifadəni təşviq edə bilər. Çünki Azərbaycanın kənd təsərrüfatında əsas problemlərdən biri su çatışmazlığı və mövcud su ehtiyatlarından səmərəsiz istifadədir. Dövlətin dəstəyi fermerləri daha müasir texnologiyalara və məhsuldar təsərrüfat modellərinə keçməyə həvəsləndirə bilər”.
Lakin ekspertə görə, subsidiya məbləğinin artırılması özlüyündə kənd təsərrüfatında ciddi dönüş yaratmaq üçün kifayət deyil: “Burada əsas məsələ ayrılan vəsaitin real istehsal artımına çevrilməsidir. Bunun üçün fermerlərin keyfiyyətli toxum, gübrə, texnika və suvarma imkanlarına çıxışı yaxşılaşdırılmalıdır. Eyni zamanda, subsidiya mexanizmləri elə qurulmalıdır ki, dövlət dəstəyi yalnız əkin sahəsinin mövcudluğuna deyil, məhsuldarlığın və istehsalın artmasına da xidmət etsin”.
Akif Nəsirlinin sözlərinə görə, bu tədbirlərin yerli ərzaq istehsalına təsiri müsbət ola bilər: “Xüsusilə, taxılçılıq, heyvandarlıq və süd istehsalı üzrə dəstəyin genişləndirilməsi idxaldan asılılığın azaldılmasına, daxili bazarın yerli məhsullarla təminatının yaxşılaşdırılmasına şərait yarada bilər. Ancaq bunun bazar qiymətlərinə təsiri dərhal hiss olunmayacaq. İstehsalın artması, təklifin genişlənməsi və rəqabətin güclənməsi müəyyən müddətdən sonra qiymət artımının qarşısını ala və bəzi məhsulların ucuzlaşmasına səbəb ola bilər.
Digər tərəfdən, subsidiyaların səmərəliliyinə ciddi nəzarət edilməlidir. Ayrılan vəsaitin təyinatı üzrə istifadə olunması, süni əkin sahələrinin yaradılmaması və real istehsalçıların dəstəklənməsi vacibdir. Əks halda, dövlət büdcəsindən ayrılan vəsait artsa da, bunun istehsala və istehlakçıların rifahına təsiri məhdud qala bilər. Əsas məqsəd fermerə sadəcə maliyyə yardımı göstərmək deyil, onun daha çox və daha keyfiyyətli məhsul istehsal etməsinə şərait yaratmaq olmalıdır”.
