ABŞ-də iki media nəhəngi bir şirkət altında birləşməyə hazırlaşır.
Sövdələşmənin dəyəri 110 milyard dollar qiymətləndirilir.
ABŞ Ədliyyə Nazirliyi Paramount Skydance və Warner Bros. Discovery şirkətlərinin birləşməsini təsdiqləyib. Təxminən 110 milyard dollar dəyərində qiymətləndirilən sövdələşmə əyləncə sənayesinin ən iri razılaşmalarından biri hesab olunur.
Xəbərin yayılmasından sonra Paramount-un səhmləri postmarket ticarətində 4 faiz bahalaşıb.
Birləşmə həm Warner Bros. Discovery səhmdarları, həm də Avstraliyanın Rəqabət və İstehlakçıların Müdafiəsi Komissiyası tərəfindən təsdiqlənib. Avropa İttifaqından da müsbət qərar gözlənilsə də, ABŞ-ın bəzi ştatlarının baş prokurorları tərəfindən antiinhisar iddialarının qaldırılması istisna edilmir.
Paramount-un rəhbəri Devid Ellison bildirib ki, sövdələşmənin sentyabr ayına qədər tamamlanması planlaşdırılır. Bununla belə, əlavə ödənişlər səbəbindən yekun məbləğin artması mümkündür.
Xatırladaq ki, fevralın sonunda Paramount Warner Bros. Discovery-nin bütün aktivləri, o cümlədən CNN və TBS kabel şəbəkələri, kinostudiya və HBO Max platforması üçün hər səhmə görə 31 dollar təklif etmişdi. Bu təklif Netflix ilə mümkün razılaşmanın baş tutmamasına səbəb olmuşdu.//Musavat.com
