Oyun dünyasının 13 ildir gözlədiyi GTA 6-nın təqdimatı böyük maraqla qarşılanıb. Oyunun geniş xəritəsində UNO-nu xatırladan uçan boşqab təsvirinin aşkarlanması isə pərəstişkarlar arasında yeni müzakirələrə səbəb olub. "Rockstar" Games hələlik oyunda yadplanetlilərin və ya UNO-ların yer alacağını təsdiqləməyib.
Referans Media xəbər verir ki, GTA 6 19 noyabr 2026-cı ildə "PlayStation 5" və "Xbox Series X/S" platformaları üçün satışa çıxarılıb. 212 GB həcmində olduğu bildirilən oyun uzun müddətdir gözlənilən buraxılışı ilə texnologiya və əyləncə sektorunun gündəminə çevrilib.
Xəritədə uçan boşqab təsviri tapıldı
Oyunun təqdimatına yaxın İngiltərədəki Selfridges mağazasında nümayiş etdirilən kolleksiya xəritəsi oyunçuların diqqətini çəkib. Leonida ştatının Breykvoter daş karxanası bölgəsində uçan boşqaba bənzər təsvirin yer alması GTA 6-da UNO-ların ola biləcəyi ehtimalını gündəmə gətirib.
Sosial şəbəkələrdə yayılan görüntülərdən sonra bəzi oyunçular həmin ərazidə yadplanetlilərlə bağlı gizli missiyanın və ya xüsusi hadisənin ola biləcəyini irəli sürüblər.
Rockstar Games-dən rəsmi açıqlama yoxdur
Xəritədəki müəmmalı təsvirə baxmayaraq, Rockstar Games oyunda UNO-ların və ya yadplanetlilərin olmasını təsdiqləyən açıqlama verməyib. Buna görə də görüntünün sadəcə dekorativ element, yoxsa gizli tapşırığa işarə olduğu hələ məlum deyil.
Yeni oyunda UNO ehtimalının müzakirə edilməsinin səbəblərindən biri də GTA 5-dəki oxşar detallardır. Həmin oyunda müəyyən şərtləri yerinə yetirən istifadəçilər xəritənin müxtəlif nöqtələrində uçan boşqablarla qarşılaşa bilirdilər. Xüsusilə Çiliad dağındakı müəmmalı işarələr uzun illər oyunçuların araşdırma mövzusuna çevrilmişdi.
GTA 6-nın treylerləri rekord qırıb
GTA 6 hələ satışa çıxmazdan əvvəl də böyük maraq doğurmuşdu. 2023-cü ilin dekabrında yayımlanan ilk treyler YouTube-da ilk 24 saat ərzində 93 milyondan çox baxış toplamışdı. 2025-ci ilin mayında təqdim edilən ikinci treyler isə müxtəlif platformalarda ilk sutkada 475 milyondan artıq izlənmə əldə etmişdi.
Hadisələr Vice City-də cərəyan edir
Oyunun hadisələri ABŞ-ın Florida ştatından ilhamlanaraq yaradılmış Leonida adlı uydurma bölgədə baş verir. Oyunçular Vice City ilə yanaşı, sahil ərazilərini, bataqlıqları, kiçik yaşayış məntəqələrini və şəhərin gecə həyatını kəşf edə bilirlər.
Süjet Lusiya Kaminos və Ceyson Duval adlı iki obrazın ətrafında qurulub. Uğursuz cinayət cəhdindən sonra böyük bir sui-qəsd və komplonun içində qalan qəhrəmanlar sağ qalmaq üçün birlikdə mübarizə aparmalı olurlar.
