Nvidia şirkətində baş verən son qalmaqalın mərkəzində yer alan çinli iş adamı Alis Huanqın bir ildən artıq müddətdə Çinin ən yüksək səviyyəli kəşfiyyat qurumunun nümayəndəsi ilə əlaqə saxladığı iddia olunub.
Referans Media xəbər verir ki, bu barədə The New York Times (NYT) qəzeti məlumat yayıb.
Nəşrin kəşfiyyat hesabatları ilə tanış olan mənbələrə istinadən verdiyi xəbərə görə, Alis Huanq 2025-ci ilin yazından 2026-cı ilin payızınadək Çin Dövlət Təhlükəsizlik Nazirliyinin əməkdaşlarından biri ilə müntəzəm əlaqədə olub.
Məlumatda bildirilir ki, həmin dövrdə Huanqın Nvidia şirkətinin sabiq baş icraçı direktoru Censen Huanq (Jensen Huang) ilə münasibəti də davam edirdi.
Censen Huanqın sözçüsü məsələ ilə bağlı şərh verməkdən imtina edib. Nvidia və Çinin Vaşinqtondakı səfirliyinin nümayəndələri isə jurnalistlərin sorğularını hələlik cavablandırmayıblar.
Alis Huanq daha əvvəl Sinqapurda fəaliyyət göstərən "Megaspeed International" şirkətinə rəhbərlik edib. Bu şirkət bir vaxtlar "Nvidia"nın əsas müştərilərindən biri olub və milyardlarla dollarlıq süni intellekt çiplərinin satışında iştirak edib.
ABŞ rəsmiləri 2024-cü ildən etibarən "Megaspeed International"ı "Nvidia"nın qabaqcıl süni intellekt çiplərinin Çinə qanunsuz şəkildə ötürülməsi ehtimalı ilə bağlı araşdırırlar.
