İlon Mask açıqladı: Sükanı və pedalı olmayan 7 nəfərlik “Tesla” gəlir

“Tesla” şirkəti sükanı və pedalları olmayan, 6-7 nəfər sərnişin daşıya biləcək avtonom “Model Y” versiyası hazırlamağı planlaşdırır. Şirkətin rəhbəri İlon Mask yeni layihə ilə bağlı açıqlama verib.

Referans Media xəbər verir ki, Mask “New York Times DealBook” sammitində şirkətin avtonom nəqliyyat sahəsində gələcək planlarından danışıb. O bildirib ki, iki nəfərlik və sükanı olmayan “Cybercab” robotaksiləri avtonom nəqliyyat xidmətlərinin böyük hissəsini təmin edə bilər. Lakin daha böyük ailələr və qruplar üçün fərqli avtomobilə ehtiyac var.

“Əgər avtomobildə bütöv bir ailə varsa, onların da avtonom avtomobillərə ehtiyacı var. Buna görə planımız sükanı və pedalları olmayan, 6 və ya 7 nəfərlik qrupları daşımağa uyğun avtonom “Model Y” versiyası hazırlamaqdır”, – Mask bildirib. Yeni avtomobilin salon dizaynı, istehsal tarixi və satışa çıxarılma vaxtı ilə bağlı hələlik ətraflı məlumat verilməyib.

Hazırkı robotaksilər 4 nəfər daşıyır

“Tesla”nın robotaksi parkında istifadə olunan mövcud “Model Y” avtomobilləri maksimum 4 sərnişin daşıya bilir. Yeni versiyanın daha geniş tutumu ilə ailələrə və böyük qruplara xidmət göstərməsi, şirkətin avtonom nəqliyyat bazarında istifadəçi sayını artırması hədəflənir.

Robotaksi bazarında rəqabət güclənir

“Tesla”nın yeni layihəsi avtonom nəqliyyat sektorunda rəqabətin artdığı bir vaxta təsadüf edir. “Waymo”nun 4 sərnişin tutumlu avtomobilləri ilə yanaşı, “Uber” də “Lucid Gravity” SUV modeli vasitəsilə 6 nəfərə qədər sərnişin daşıyan robotaksi xidmətini təqdim etməyi planlaşdırır.

“Tesla”nın daha çox sərnişin tutumuna malik avtonom “Model Y” layihəsi ilə bu rəqabətdə mövqeyini gücləndirməyə çalışacağı gözlənilir.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki