Son illər süni intellekt texnologiyalarının sürətli inkişafı əmək bazarında da ciddi dəyişikliklərə səbəb olur. Bir sıra sahələrdə əvvəllər insan əməyini tələb edən işlər artıq süni intellekt vasitəsilə daha sürətli və avtomatlaşdırılmış şəkildə həyata keçirilir. Bu proses Azərbaycanda da bəzi peşələrə tələbatın azalmasına, yeni ixtisasların yaranmasına və mövcud iş yerlərinin transformasiyasına gətirib çıxara bilər.
Bəs yaxın 5 ildə Azərbaycanda hansı peşələr süni intellekt tərəfindən əvəzlənə bilər? Hansı sahələrdə insan əməyinə ehtiyac azalacaq və gələcəkdə hansı ixtisaslara tələbat artacaq?
Referans Media-ya açıqlama verən İT mütəxəssisi Kamran Əsədullayev bildirib ki, yaxın 5 ildə, yəni 2026–2031-ci illərdə süni intellektin Azərbaycanda əmək bazarına ciddi təsir göstərəcəyi gözlənilir. Onun sözlərinə görə, bəzi peşələrə tələbat azalacaq, bəzi işlər isə tamamilə avtomatlaşdırılacaq.
Lakin burada vacib məqam ondan ibarətdir ki, süni intellekt bütün peşələri əvəz etməyəcək, daha çox həmin peşələrin daxilində insan tərəfindən görülən işləri öz üzərinə götürəcək.
Azərbaycanda süni intellektin əvəz edə biləcəyi peşələr
Mütəxəssis hesab edir ki, yaxın 5 ildə ən çox risk altında olacaq sahələrdən biri müştəri xidmətləri və çağrı mərkəzləridir. Banklarda müştərilərin suallarını cavablandıran operatorlar, mobil operatorların çağrı mərkəzi əməkdaşları və müştəri müraciətlərini qəbul edən işçilərin funksiyalarının bir hissəsi süni intellekt tərəfindən həyata keçirilə bilər.
Onun sözlərinə görə, süni intellekt əsaslı çatbotlar və səsli köməkçilər müştərilərin əksər standart suallarını insan müdaxiləsi olmadan cavablandıra biləcək.
Mühasibatlıq və maliyyə sahəsi də avtomatlaşdırılma riskinin yüksək olduğu istiqamətlərdəndir. İlkin mühasibatlıq əməliyyatları, hesab-fakturaların hazırlanması, ödənişlərin yoxlanılması və maliyyə hesabatlarının tərtibi kimi işlərin böyük hissəsi avtomatlaşdırıla bilər. Bununla belə, maliyyə qərarlarının verilməsi və məsuliyyətli nəzarət üçün insan amili vacib olaraq qalacaq.
Bank sektorunda da müəyyən funksiyaların süni intellektə həvalə edilməsi gözlənilir. Kredit müraciətlərinin ilkin təhlili, müştəri məlumatlarının yoxlanılması, standart bank əməliyyatları və müştərilərə ilkin məsləhətlərin verilməsi bu prosesə daxildir. Beləliklə, həmin əməliyyatlar daha sürətli həyata keçirilə bilər.
Tərcüməçilər və mətn hazırlayanlar da dəyişikliklərlə üzləşəcək peşə sahibləri sırasındadır. Xüsusilə sadə mətnlərin tərcüməsi, standart sənədlərin hazırlanması, mətnlərin redaktəsi və reklam mətnlərinin yazılması kimi təkrarlanan işlərin avtomatlaşdırılması mümkündür. Lakin hüquqi, texniki və ədəbi tərcümələrdə insan nəzarəti vacib qalacaq.
Bundan başqa, data operatorları və ofis işçilərinin də fəaliyyətində dəyişikliklər baş verə bilər. Məlumatların sistemə daxil edilməsi, sənədlərin çeşidlənməsi, arxivləşdirmə, elektron cədvəllərin hazırlanması və gündəlik hesabatların tərtibi avtomatlaşdırılmaya ən açıq işlərdəndir.
Marketinq və reklam sahəsində də süni intellektin təsiri artacaq. Sadə dizayn işləri, sosial media paylaşımlarının hazırlanması, reklam mətnlərinin yazılması, foto və video montajın müəyyən mərhələləri daha az vaxt və resursla həyata keçirilə biləcək.
Müəyyən nəqliyyat və logistika işləri də gələcəkdə bu prosesdən təsirlənə bilər. Ağıllı logistika sistemləri, avtomatlaşdırılmış anbarlar və sürücüsüz nəqliyyat texnologiyaları həmin sahələrdə insan əməyinə tələbatı dəyişə bilər. Lakin Azərbaycanda bu texnologiyaların geniş tətbiqi üçün daha çox vaxt tələb oluna bilər.
Hansı peşələr süni intellekt tərəfindən asanlıqla əvəz edilə bilməyəcək?
Kamran Əsədullayevin fikrincə, bəzi peşələrdə insan amili hələ uzun müddət əvəzolunmaz olaraq qalacaq.
Bunlara həkimlər və cərrahlar, müəllimlər və pedaqoqlar, psixoloqlar, elektrik və elektronika mütəxəssisləri, İT infrastruktur və şəbəkə mütəxəssisləri, kibertəhlükəsizlik mütəxəssisləri, təcrübəli mühəndislər, ustalar və texniki xidmət əməkdaşları daxildir.
Çünki bu peşələr yalnız məlumat emalını deyil, həm də praktiki bacarıq, məsuliyyət, emosional zəka, təcrübə və düzgün qərarvermə qabiliyyəti tələb edir.
Azərbaycanda hansı yeni peşələrə tələbat artacaq?
Mütəxəssis qeyd edib ki, süni intellekt bəzi iş yerlərini azaltsa da, yeni ixtisasların yaranmasına da şərait yaradacaq.
Onun sözlərinə görə, xüsusilə aşağıdakı istiqamətlər perspektivli hesab olunur:
1. Süni intellekt mütəxəssisi (AI Specialist);
2. Kibertəhlükəsizlik mütəxəssisi;
3. Data analitik;
4. Robototexnika mühəndisi;
5. Süni intellekt sistemləri üzrə texniki mütəxəssis;
6. Bulud texnologiyaları üzrə mütəxəssis;
7. Avtomatlaşdırma mühəndisi;
8. AI etikası və məlumat təhlükəsizliyi üzrə mütəxəssis.
UNESCO-nun 2026-cı ildə Azərbaycan üzrə yayımladığı İKT bacarıqlarının inkişafına dair hesabatında da süni intellekt, proqram təminatının hazırlanması və kibertəhlükəsizlik sahələrində mütəxəssislərə tələbatın artdığı vurğulanır.
Azərbaycanda vəziyyət nə qədər ciddidir?
Kamran Əsədullayev diqqətə çatdırıb ki, Azərbaycan üzrə süni intellektin əmək bazarına potensial təsirini qiymətləndirən araşdırmalardan birində mövcud iş yerlərinin təxminən 59 faizinin generativ süni intellektdən əsasən təsirlənməyəcəyi, təxminən 3 faizində isə iş fəaliyyətlərinin yarıdan çoxunun avtomatlaşdırıla biləcəyi qeyd olunur.
Burada söhbət bütün iş yerlərinin itirilməsindən deyil, iş proseslərinin dəyişməsindən gedir.
Beynəlxalq Əmək Təşkilatının 2025-ci il araşdırması da göstərir ki, dünyada hər dörd işçidən biri müəyyən dərəcədə generativ süni intellektin təsirinə məruz qala bilər. Bununla belə, əksər peşələrin tamamilə yox olmasından daha çox transformasiyası gözlənilir.
Azərbaycan bu prosesə necə hazırlaşmalıdır?
Mütəxəssisin fikrincə, bu prosesə hazırlıq üçün üç əsas istiqamətə diqqət yetirilməlidir.
İlk növbədə, təhsil sistemində məktəblərdə və universitetlərdə süni intellekt, proqramlaşdırma, robototexnika və rəqəmsal savadlılıq üzrə tədris gücləndirilməlidir.
İkinci istiqamət peşə hazırlığıdır. Artıq mövcud peşələrdə çalışan insanlar yeni texnologiyalardan istifadə etməyi öyrənməlidirlər.
Üçüncü istiqamət isə dövlət və özəl sektorun üzərinə düşür. Süni intellektin tətbiqi ilə yanaşı, iş yerlərinin qorunması, yeni ixtisasların yaradılması və işçilərin yenidən hazırlanması istiqamətində proqramlar həyata keçirilməlidir.
Gələcəyin əmək bazarında əsas rəqabət kimlər arasında olacaq?
Kamran Əsədullayev mövzu ilə bağlı əsas məqamı da diqqətə çatdırıb. Onun fikrincə, gələcəyin əmək bazarında əsas rəqabət insanla süni intellekt arasında deyil, süni intellektdən istifadə etməyi bacaran insanlarla bu texnologiyadan istifadə etməyi bacarmayan insanlar arasında olacaq.
Məsələn, bu gün bir mühasib süni intellektdən istifadə etməklə bir neçə saatlıq işi dəqiqələr ərzində görə bilər. Eyni vəziyyət müəllimlərə, mühəndislərə, İT mütəxəssislərinə, jurnalistlərə və digər peşə sahiblərinə də aiddir.
Mütəxəssis məktəblilərə və tələbələrə tövsiyə edib ki, gələcəkdə hansı peşəni seçmələrindən asılı olmayaraq, süni intellektlə işləməyi öyrənsinlər. Çünki gələcəyin ən böyük üstünlüyü texnologiyanı sadəcə istifadə etmək deyil, ondan düzgün və səmərəli yararlanmağı bacarmaq olacaq.
Gülnaz Abdullazadə
