Google Chrome istifadə edənlərə XƏBƏRDARLIQ - Təcili güncəlləyin!

Google Chrome brauzerində kritik təhlükəsizlik boşluğu aşkarlanıb. İstifadəçilərə brauzeri təcili güncəlləmək tövsiyə olunur.

Referans Media xəbər verir ki, Google noyabrın 23-də təhlükəsizlik yeniləməsini yayıb. Noyabrın 24-də isə Fransa və Honkonqun kibertəhlükəsizlik qurumları rəsmi xəbərdarlıq ediblər.

CVE-2026-134401 kodlu təhlükəsizlik boşluğu hakerlərə xüsusi hazırlanmış zərərli internet səhifəsi vasitəsilə istifadəçilərin cihazlarına giriş əldə etmək imkanı verə bilər.

Hakerlər bu boşluqdan istifadə edərək brauzerin təhlükəsizlik mexanizmlərindən yan keçə və cihazda uzaqdan zərərli proqram kodlarını işə sala bilərlər.

Təhlükənin ciddilik dərəcəsi 10 bal üzərindən 9,6 bal qiymətləndirilib. Şəxsi məlumatlar və kriptovalyuta pul kisələri təhlükə altında qala bilər.

Təhlükəsizlik boşluğu Windows, macOS və Linux əməliyyat sistemlərində istifadə olunan brauzerin köhnə versiyalarına təsir göstərir. Android cihazları üçün də təhlükəsizlik yeniləməsi yayımlanıb.

Google istifadəçilərə brauzerin yeni versiyasını quraşdırmağı tövsiyə edir. Şirkət təhlükəsizlik boşluğunun bütün texniki detallarını istifadəçilərin əksəriyyəti brauzeri güncəlləyənədək açıqlamaya bilər.

Brauzeri güncəlləmək üçün menyudan “Google Chrome haqqında” bölməsinə daxil olmaq və yeniləmə tamamlandıqdan sonra brauzeri yenidən işə salmaq lazımdır.

Musavat.com

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki