13 yaşlı uşaq kilometrlərlə üzərək ailəsini xilas etdi

Avstraliyanın qərb sahillərində axına düşərək sürüklənən ailəsini xilas etmək üçün nəhəng dalğalara qarşı kilometrlərlə üzən 13 yaşlı uşaq böyük qəhrəmanlıq nümunəsi göstərib.

Referans Media xəbər verir ki, cümə günü Qərbi Avstraliyanın cənubunda yerləşən Geographe Bay bölgəsində kano və dəniz yatağı ilə dənizə açılan ailə güclü küləyin təsiri nəticəsində sahildən uzaqlaşıb.

Polisin verdiyi məlumata görə, küləyin şişmə vasitələri istiqamətdən çıxarması səbəbindən 13 yaşlı yeniyetmə kömək çağırmaq üçün sahilə doğru hərəkət etməyə başlayıb.

Kanosunun su alması nəticəsində suya atılan yeniyetmə təxminən 4 kilometrlik məsafəni üzərək qət edib. Daha sürətli hərəkət edə bilmək üçün isə bir müddətdən sonra üzərindəki xilasedici jileti çıxarıb.

Təxminən dörd saat davam edən mübarizədən sonra sahilə çatan uşaq axşam saat 18:00 radələrində aidiyyəti qurumlara məlumat verərək xilasetmə əməliyyatının başlamasına səbəb olub.

Ailə üzvləri sahildən 14 kilometr aralıda tapıldı

Yeniyetmənin verdiyi məlumat əsasında Quindalup çimərliyi yaxınlığında genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı aparılıb. Nəticədə 47 yaşlı ana və 12 və 8 yaşlı iki bacı-qardaş sahildən 14 kilometr aralıda aşkar edilib.

Xilasetmə helikopteri tərəfindən müşahidə edilən və dəniz yatağına tutunaraq gözləyən ailə üzvləri könüllü dəniz xilasetmə qrupları tərəfindən sağ-salamat sahilə çıxarılıb.

Yeniyetmənin səyi həyatlar xilas etdi

Naturaliste Könüllü Dəniz Xilasetmə Qrupunun komandiri Paul Bresland yeniyetmənin göstərdiyi səyi “insanüstü” adlandırıb.

Polis rəsmiləri isə dənizdə şəraitin nə qədər sürətlə dəyişə biləcəyinə diqqət çəkərək, ananın və uşaqların üzərlərində xilasedici jilet olduğu üçün sağ qaldıqlarını vurğulayıb.

Xəstəxanaya yerləşdirilən və sağlamlıq vəziyyətlərinin yaxşı olduğu bildirilən ailə üzvləri müalicədən sonra onları xilas edən qrupları ziyarət edərək təşəkkür ediblər.

Gülnaz Abdullazadə.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki