Argentina futbolunun əfsanəsi Dieqo Maradonanın 1986-cı il Dünya Çempionatında İngiltərəyə qarşı “Tanrının əli” kimi tanınan qolunu vurduğu futbol topu hərracda 3,3 milyon dollara satılıb.
Referans Media xəbər verir ki, Argentina həmin matçda İngiltərəni 2:1 hesabı ilə məğlub edib. Maradona topu qapıçı Piter Şiltonun üzərindən əli ilə tora göndərərək məşhur qolunu vurub. Daha sonra futbolçu qolun “bir az Maradonanın başı, bir az da Tanrının əli ilə” vurulduğunu deyib.
Həmin qarşılaşmada Maradona İngiltərənin 5 futbolçusunu və qapıçını keçərək “əsrin qolu” adlandırılan ikinci qolunu da vurub.
ABŞ-də keçirilən hərracda satılan topun əvvəlcədən 10 milyon dollara qədər qiymətə satılacağı gözlənilirdi. Topu oyunun tunisli hakimi Əli Bin Nasir matçdan sonra götürərək 30 ildən çox saxlayıb. Topun həmin oyunda istifadə edilən top olduğu müstəqil araşdırmalarla da təsdiqlənib.
Qeyd edək ki, Maradonanın həmin matçda geyindiyi forma 2022-ci ildə keçirilən hərracda 7,1 milyon funt-sterlinqə satılıb.
