"30 manat borcu var idi, qaytarmadı, döydüm"

Gədəbəy rayonunda 20 yaşlı oğlan həmkəndlisinə xəsarət yetirib. Hadisə ötən il martın 23-də rayon kəndlərindən birində qeydə alınıb. 2006-cı il təvəllüdlü Sənan gecə saatlarında kənd mərkəzində yerləşən kafenin qarşısında Mehmanla mübahisə edib. Mübahisəyə səbəb Mehmanın ona olan 30 manat pul borcunu qaytara bilməməsini deməsi olub. Bundan hiddətlənən Sənan səs-küy salaraq yumruqla Mehmanı vurub.

Referans Media  xəbər verir ki, təqsirləndirilən şəxsin barəsində xuliqanlıq maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə izahat verən Sənan elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində Gədəbəy rayonunda yaşadığını və zərərçəkmişi uşaqlıqdan tanıdığını göstərib. Sənanın sözlərinə görə aralarında əvvəllər heç bir ədavət və düşmənçilik olmayıb. Hadisə günü həmkəndliləri ilə birlikdə kafeyə gedərək əyləşiblər. Həmin vaxt Mehman da başqa stolda əyləşərək spirtli içki qəbul edib.

"Gecə saatlarında kafedən çıxarkən Mehmana yaxınlaşdım. Ona 30 manat borcunu verməsini istədim. Lakin Mehman həmin borcu hələ imkanı olmadığı üçün verə bilməyəcəyini söylədi. Mən isə uzun müddətdir borclu olmasına baxmayaraq pulumu vermədiyinə əsəbləşdim. Pulu tez vaxtda verməsini tələb etdim. Buna görə aramızda mübahisə yarandı"

Təqsirləndirilən şəxs pulunu vermədiyi halda Mehmanı döyəcəyini dediyini bildirib. Qarşı tərəf isə onu döyə bilməyəcəyini söylədikdə Sənan əsəbləşərək onun yaxasından tutub. O, Mehmanın sağ göz nahiyəsinə yumruq zərbəsi endirib. Bu zaman orada olan digər şəxslər və kafeni işlədən şəxs dərhal araya girərək tərəfləri sakitləşdirib.

Gədəbəy Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. Qərar "Konstitusiya və Suverenlik İli" münasibətilə elan edilmiş amnistiya aktına əsasən qəbul edilib. Sənan cinayət məsuliyyətindən azad olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki