Rusiya böhrandan çıxmaq üçün benzin və dizel yanacağını Asiya ölkələrindən idxal etmək məcburiyyətində qala bilər.
Referans Media xəbər verir ki, bu barədə enerji eksperti Dmitri Leuşkin açıqlama verib.
Onun sözlərinə görə, Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) ardıcıl hücumları nəticəsində Rusiyadakı neft emalı zavodlarının bir hissəsi zədələnib və müəssisələr məhdud rejimdə fəaliyyət göstərir.
Ekspert bildirib ki, mövcud vəziyyət davam edərsə, Rusiya daxili tələbatı tam ödəmək üçün belə xarici idxala ehtiyac duya bilər:
“Artıq ola bilər ki, Asiya ölkələrindən idxal olmadan bu vəziyyətdən çıxmaq mümkün olmasın. Rusiya neft emalı sənayesi öz daxili ehtiyaclarını belə tam təmin edə bilməyəcək”, - deyə Leuşkin qeyd edib.
Bundan əlavə, o, Rusiyanın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi “kölgə donanması”nın da prosesə cəlb oluna biləcəyini istisna etməyib. Onun sözlərinə görə, bu tankerlər nefti xaricə daşıyaraq, geri dönüşdə benzin və dizel gətirə bilər: “Bu “kölgə donanması” tankerləri nefti aparıb, əvəzində yanacaq daşıya bilər. Belə bir qarşılıqlı sxem işləyə bilər”.
