Moskva meri Sergey Sobyanin bildirib ki, son 24 saat ərzində paytaxt yaxınlığında Ukraynaya məxsus 84 pilotsuz uçuş aparatı (PUA) hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.
Sobyanin sosial şəbəkə hesabında Ukrayna ordusunun Moskvaya PUA hücumu həyata keçirdiyini qeyd edib.
Onun sözlərinə görə, hücumun qarşısı alınıb və nəticədə dağıntı və ya insan itkisi qeydə alınmayıb.
Bu arada, Dmitriy Milyayev bildirib ki, Ukraynaya məxsus bir PUA Şçyokino şəhərində çoxmərtəbəli yaşayış binasına düşüb. Hadisə yerində araşdırmalar davam edir, bina sakinləri təxliyə olunub və ilkin məlumata görə, ölən yoxdur.
PUA hücumları səbəbindən Moskva başda olmaqla Rusiyanın bəzi şəhərlərində hava limanlarında təyyarələrin eniş və qalxışına müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Rusiya Müdafiə Nazirliyi isə açıqlamasında bildirib ki, dünən yerli vaxtla saat 20:00-dan bu gün saat 07:00-dək Ukraynaya məxsus 301 PUA Moskva da daxil olmaqla müxtəlif bölgələrdə, eləcə də Azov dənizi və Qara dəniz üzərində məhv edilib.
