İspaniyanın cənubundakı Malaqa şəhərində aparılan arxeoloji qazıntılar zamanı təxminən 5 min il yaşı olan monumental daş məzar aşkarlanıb. Təxminən 13 metr uzunluğundakı dolmenin böyük hissəsinin yaxşı qorunduğu, içərisindən insan qalıqları ilə yanaşı fil sümüyü, kəhrəba, dəniz qabıqları və müxtəlif daş alətlərin çıxdığı açıqlanıb.
Referans Media xəbər verir ki, tədqiqatçılar dolmenin Əndəlüs bölgəsində indiyədək aşkarlanmış ən böyük və ən yaxşı qorunmuş nümunələrdən biri ola biləcəyini bildirirlər. Məzarın strukturunda hündürlüyü 1,8 metrdən çox olan şaquli daş bloklar və bir-birindən ayrılan bir neçə bölmə müəyyən edilib.
Qazıntılar zamanı məzarın müxtəlif hissələrində çoxsaylı insan sümükləri tapılıb. Sümüklərlə birlikdə fil sümüyü, kəhrəba, dəniz qabıqları, ox ucluqları, iri çaxmaqdaşı bıçaqlar və balta tipli xüsusi daş silah aşkar edilib.
Bir neçə sümük kamerasının olması məzarın yalnız bir nəfər üçün deyil, kollektiv dəfnlər üçün istifadə edildiyini göstərir.
Arxeoloqların diqqətini çəkən əsas məqamlardan biri məzarın dənizdən uzaqda yerləşməsinə baxmayaraq, içərisindən dəniz qabıqlarının çıxmasıdır.
Tədqiqatçılar bunun 5 min il əvvəl müxtəlif bölgələr arasında uzun məsafəli mübadilə və əlaqələrin mövcudluğuna işarə edə biləcəyini düşünürlər.
Məzarın qeyri-adi şəkildə yaxşı qorunması həmin dövrdə yaşayan insanların dəfn adətləri, həyat tərzi və inancları haqqında yeni məlumatlar əldə etməyə imkan verə bilər.
Mütəxəssislər fil sümüyü, kəhrəba, dəniz qabıqları və digər tapıntıları araşdırmağa davam edirlər. Əşyaların ətraflı təhlilindən sonra onların mənşəyi və məzarın istifadə tarixi barədə daha çox məlumatın açıqlanacağı gözlənilir./Musavat.com/
