Azərbaycanda beynəlxalq qabaqcıl təcrübə nəzərə alınmaqla çevik iş vaxtı rejimi modellərinin formalaşdırılması və tətbiqi istiqamətində mühüm addımların atılması planlaşdırılır.
Sözügedən yenilik Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planında öz əksini tapıb. Qəbul olunan sənədə əsasən, qarşıdakı illərdə müvafiq normativ hüquqi aktların layihələri hazırlanmalı və aidiyyəti qurumlara təqdim olunmalıdır.
Bu isə təbii olaraq cəmiyyətdə həmin dəyişikliklərin təkcə əmək bazarında deyil, eyni zamanda təhsil sistemində, xüsusilə ali məktəblərin dərs cədvəllərində və tədris qrafiklərində hansı yeniliklərə səbəb ola biləcəyi barədə geniş müzakirələrə yol açıb. Məsələ ilə əlaqədar bir sıra nüfuzlu ali təhsil müəssisələrinin nümayəndələri də mövqelərini bildiriblər. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) mətbuat katibi Taleh Mirzəyev qeyd edib ki, ali məktəb olaraq hazırda səlahiyyətli mərkəzi icra hakimiyyəti orqanları tərəfindən müvafiq qaydaların təsdiqlənməsini, dəqiq tövsiyələrin verilməsini və hansı konkret iş modellərinin tətbiq olunacağına dair qərarların qüvvəyə minməsini gözləyirlər.
Xəzər Universitetinin İctimaiyyətlə Əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli isə bildirib ki, hər il olduğu kimi, cari tədris ilində də çevik iş rejimlərinin tələbə və əməkdaşlar üçün yararlı imkanlarından şəraitə uyğun olaraq istifadə ediləcək. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Ömərova bu məsələnin hələlik müzakirə mərhələsində olmadığını vurğulayıb. Azərbaycan Texniki Universitetinin (AzTU) mətbuat katibi Sevinc İsgəndərova isə qeyd edib ki, rəhbərlik etdiyi ali təhsil ocağında dərslər ənənəvi olaraq səhər saat 9:00-da başlayır və hazırda dərs saatlarının dəyişdirilməsi gündəmdə deyil.
Referans Media bildirir ki, məsələ ilə bağlı NOCOMMENT.az-a danışan tanınmış sosioloq Cabir Tağıyev qeyd edib ki, cəmiyyətdə iş və təhsil qrafiklərinin yenidən nəzərdən keçirilməsi vətəndaşların gündəlik həyat tərzinə, psixoloji durumuna və sosial aktivliyinə birbaşa təsir göstərən amildir: "Əgər əmək bazarında çevik iş vaxtı rejimləri tam şəkildə tətbiq olunmağa başlasa, bu, avtomatik olaraq ailələrin yaşam tərzini, valideynlərin uşaqlarını məktəbə və ya bağçaya aparıb-gətirmək qrafiklərini dəyişəcək, eyni zamanda tələbələrin həm oxuyub, həm də işləmək imkanlarını genişləndirəcək". Onun sözlərinə görə, cəmiyyətin modernləşməsi fonunda sərt 9-dan 6-dək olan klassik rejim tədricən öz yerini daha elastik modellərə verir və bu dəyişikliklər təhsilalanların vaxt bölgüsünü optimallaşdırmaq üçün böyük şans yaradır: "Universitetlərdə dərs cədvəllərinin çevikləşdirilməsi tələbələrin yalnız akademik potensialını deyil, həm də onların peşəkar bacarıqlarını erkən yaşda üzə çıxarmasına, sərbəst qrafiklə işləyərək təhsil haqlarını və ya şəxsi xərclərini qarşılamaq imkanlarına birbaşa zəmin hazırlayar. Lakin bu keçid prosesi həyata keçirilərkən tədrisin keyfiyyətinin aşağı düşməməsi, auditoriya dərslərinin effektivliyinin qorunması və ali məktəblərin daxili nizam-intizamının pozulmaması üçün çox ciddi balans gözetilməlidir".
Məsələnin hüquqi tərəfi ilə bağlı NOCOMMENT.az-a danışan hüquqşünas Natiq Ələsgərov qeyd edib ki, istənilən yeniliyin və ya çevik iş modelinin tətbiqi ilk növbədə mövcud qanunvericilik bazasının, xüsusilə də Əmək Məcəlləsinin və təhsil qanunvericiliyinin müvafiq maddələrinin tələblərinə uyğunlaşdırılmasını tələb edir: "Hər hansı bir strukturda və ya sahədə iş qrafikinin dəyişdirilməsi birtərəfli qaydada həyata keçirilə bilməz, bu, mütləq şəkildə normativ hüquqi aktlarda tənzimlənməli və tərəflərin hüquqi məsuliyyətlərini dəqiq müəyyənləşdirməlidir".
Onun sözlərinə görə, ali təhsil müəssisələri Təhsil Nazirliyinin və digər səlahiyyətli qurumların təsdiq etdiyi dövlət standartları çərçivəsində fəaliyyət göstərdikləri üçün dərslərin başlama saatlarının və ya tədris saatlarının dəyişdirilməsi birbaşa normativ sənədlərə dəyişikliklərin edilməsini tələb edir: "Əgər Məşğulluq Strategiyası çərçivəsində çevik iş rejimləri geniş miqyas alarsa, bu, gələcəkdə ali məktəb tələbələrinin əmək müqaviləsi ilə işləməsi prosesini də hüquqi müstəvidə daha şəffaf və tənzimlənən hala gətirə bilər. Lakin qanunvericilikdə həm təhsil alanların akademik məsuliyyətləri, həm də işəgötürənlərin öhdəlikləri elə dəqiq balanslaşdırılmalıdır ki, nə tədris prosesi zərər çəksin, nə də vətəndaşların əmək hüquqları pozulsun".
