Metroda təmir işləri ilə əlaqədar “Nizami–28 May” stansiyaları arasında qatarların hərəkətinin 10–11 ay müddətində dayandırılması sərnişinlər, xüsusilə də tələbələr üçün ictimai nəqliyyatdan istifadədə əlavə çətinliklər yarada bilər.
Metronun fəaliyyət göstərmədiyi müddətdə alternativ olaraq avtobuslardan daha çox istifadə etməli olacaq tələbələrin nəqliyyat xərclərinin artması da istisna edilmir. Bəs yaranmış vəziyyət nəzərə alınaraq tələbələr üçün güzəştli gedişhaqqının tətbiqi mümkündürmü?
Referans Media bildirir ki, mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Natiq Cəfərli qeyd edib ki, belə bir güzəştin tətbiqi məqsədəuyğun olardı.
“Əslində, tələbələr üçün güzəştli gedişhaqqı tətbiq olunmalıdır. Çünki təmir işləri ilə əlaqədar əsas universitetlərin yerləşdiyi ərazidə metronun fəaliyyət göstərməməsi tələbələr üçün ciddi problemlər yaradacaq. Onlar müəyyən müddət ərzində avtobuslardan daha çox istifadə etməli olacaqlar”, – deyə iqtisadçı bildirib.
N.Cəfərli hesab edir ki, yaranmış vəziyyət ictimai nəqliyyatda daha çevik tarif sisteminə keçidin vacibliyini də göstərir. Onun sözlərinə görə, uzun müddətdir zamana bağlı biletlərin tətbiqi təklif olunur.
“Çoxdandır təklif edirik ki, zamana bağlı biletlərə keçmək lazımdır. Vətəndaş bilet alarkən ən azı bir saatlıq biletlər satışda olmalıdır. Həmin bir saat ərzində sərnişin eyni biletdən həm avtobusda, həm də metroda istifadə edə bilməlidir. Bu, bir çox problemlərin aradan qaldırılmasına kömək edər”, – deyə N.Cəfərli qeyd edib.
İqtisadçı şagird və tələbələr üçün ictimai nəqliyyatda güzəştlərin tətbiq edilməsinin də vacib olduğunu vurğulayıb. O bildirib ki, bir sıra dünya ölkələrində bu cür praktika mövcuddur.
“Şagirdlərə və tələbələrə gedişhaqqı güzəştləri tətbiq olunmalıdır. Bir çox dünya ölkələrində bunun praktikası var. Azərbaycanda da bu istiqamətdə addımların atılması həm tələbələrin sosial yükünü azaldar, həm də ictimai nəqliyyatdan istifadənin daha əlçatan olmasına şərait yaradar”, – deyə iqtisadçı əlavə edib.
Beləliklə, “Nizami–28 May” istiqamətində təmir işlərinin uzun müddət davam edəcəyi nəzərə alınarsa, tələbələrin nəqliyyat xərclərinin azaldılması ilə bağlı güzəştlərin tətbiqi məsələsi aktuallaşır.
Eyni zamanda, metro və avtobus arasında keçidi asanlaşdıran zamana bağlı biletlərin tətbiqi sərnişinlər üçün həm əlavə xərclərin qarşısını ala, həm də ictimai nəqliyyatda vahid tarif sisteminin formalaşmasına imkan yarada bilər.
