Azərbaycanda boşanmaların yalnız sayı deyil, yaş strukturu da dəyişir. Son illərin statistikası göstərir ki, ailə münasibətlərinin sona çatması artıq yalnız gənc cütlüklərin problemi deyil. Əksinə, orta və yuxarı yaş qruplarında da boşanmaların sayında nəzərəçarpacaq artım müşahidə olunur. Xüsusilə 60 yaş və yuxarı şəxslər arasında boşanmaların artması diqqət çəkir.
Belə ki, Dövlət Statistika Komitəsindən modern.az-a bildirilib ki, 2021-ci ildə bu yaş qrupunda 563 kişi boşanıbsa, 2025-ci ildə onların sayı 838 nəfərə yüksəlib. Qadınlarda da oxşar mənzərədir: 2021-ci ildə 293 nəfər olan göstərici 2025-ci ildə 431 nəfərə çatıb. Beləliklə, beş il ərzində 60 yaşdan yuxarı şəxslər arasında həm kişilərin, həm də qadınların boşanma sayı təxminən 48 faiz artıb.
Bəs insanları uzun illər davam edən nikahdan sonra ayrılmağa vadar edən səbəblər nədir?
Referans Media bildirir ki, övzu ilə bağlı tanınmış psixoloq Azad İsazadə Musavat.com-a danışıb.
Psixoloq qeyd edib ki, sosioloji araşdırma aparılmadan 60 yaşdan yuxarı şəxslər arasında boşanmaların artmasının konkret səbəbləri barədə yalnız versiyalar irəli sürmək mümkündür:
“Maraqlı bir məlumatdır. Sosioloji araşdırma aparmadan biz ancaq versiyalar irəli sürə bilərik. Konkret səbəblər demək olmur. Çünki bunu dəqiqləşdirmək üçün statistikadan daha çox, səbəbləri bir qədər dərindən öyrənmək lazımdır. Adətən belə bir yanaşma yayğındır ki, bu yaşa çatdıqda artıq məhəbbət, sevgi o qədər də rol oynamır. Amma insanlar dostdurlar, bir ailədirlər. Uşaqlar, nəvələr də var. Əgər 60+ yaşdan söhbət gedirsə, böyük ehtimalla nəvələr də var. Ona görə tam razıyam ki, adətən bu yaşda boşanmaq üçün hansısa xüsusi səbəb olmalıdır. Kişilərlə bağlı səbəblərdən biri fikrimcə, onların daha cavan xanımla ailə qurmaq istəyidir. Biz bəzən belə faktlarla rastlaşırıq ki, kişi boşanır və daha cavan xanımla ailə qurur. Hormonal tərkib də həm xanımlarda, həm də kişilərdə müəyyən rol oynaya bilər. Bu, bir səbəbdir. Qadınlar isə adətən uzun müddət boşanmamağa, ailəni qorumağa meyilli olurlar. Uzun müddət ailədaxili zorakılığa, kobudluğa və sairə dözürlər. Hansısa ailə problemlərinə, həyat yoldaşının zərərli vərdişlərinə, spirtli içki qəbul etməsinə və sairə dözürlər. Uşaqlara görə səbir edirlər. Düşünürlər ki, uşaqları böyüdüm və sairə. Uşaqlar böyüyənə qədər dözürlər. Amma uşaqlar böyüyəndən sonra xanım boşanmaq qərarı verə bilər. Həmin səbəb kişilərdə də ola bilər. Eşq-məhəbbət çoxdan sönüb, kişi başqa bir qadına vurulub, onunla qeyri-rəsmi yaşayır. Amma rəsmi şəkildə boşanmır ki, qoy uşaqlar ailə qursun, sonra baxarıq. Nəhayət, həmin “sonra baxarıq” müddəti gəlib çatır. Amma bir daha qeyd edirəm ki, bunlar yalnız versiyalardır. Bu mövzu daha ciddi və daha dərin araşdırma tələb edir”.
Azad İsazadənin fikrincə, gec yaşda boşanmaların artmasına təsir edə biləcək amillərdən biri də cəmiyyətdə ictimai qınağın azalmasıdır:
“Məsələn, insanların öz valideynləri, hər iki tərəfin valideynləri sağ olduğu müddətdə onlar dözürdülər ki, ata-ana, qayınana-qayınata tərəfindən qınanılmasınlar. Valideynlər dünyasını dəyişəndən sonra isə düşünürlər ki, artıq bəsdir: “Səninki səndə, mənimki də məndə”. Və ayrılırlar. Çox güman ki, səsləndirdiyimiz hər bir versiyanın arxasında müəyyən reallıq var. Sadəcə, birinin payı, faizi bir qədər çoxdur, digərinin payı isə bir qədər azdır”.
