Azərin qətlindən sonra xuliqanlıq edənlər həbs olundu

Avqustun 6-na keçən gecə Gəncənin Poçt qəsəbəsində yerləşən "Günəş" restoranında baş verən kütləvi dava zamanı 1983-cü il təvəllüdlü Azər Yusifovun qətlə yetirilməsinə görə izahat verməyərək xırda xuliqanlıq əməlləri törədən dörd nəfər inzibati qaydada həbs olunub.

Referans Media bildirir ki, Xitab24.az-ın əldə etdiyi məlumata görə, 27 yaşlı Tural İlyasovla yanaşı, onun dostları 2005-ci il təvəllüdlü iki şəxs və 1998-ci il təvəllüdlü yerli sakin inzibati məsuliyyətə cəlb olunub.

Belə ki, hadisə günü onlar baş vermiş qətl hadisəsi ilə əlaqədar izahatının alınması üçün Gəncə Şəhər Prokurorluğuna dəvət olunub. Lakin hər dörd şəxs heç bir üzrlü səbəb göstərmədən izahat verməkdən imtina edib. Bundan başqa, onlar polisin qanuni tələblərinə məhəl qoymayaraq xırda xuliqanlıq hərəkətləri törədib, uca səslə xoşagəlməz ifadələr işlədərək tabesizlik göstəriblər.

Dəfələrlə nizam-intizama dəvət olunmasına baxmayaraq, öz hərəkətlərini davam etdirən dostlar barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Gəncə Şəhər Məhkəməsinin qərarına əsasən, dostların hər biri 15 gün müddətinə inzibati qaydada həbs olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki