Bu ixtisaslara qəbul olunsanız, təhsil haqqı ÖDƏMƏYƏCƏKSİNİZ

2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu zamanı bütün plan yerləri dövlət sifarişi əsasında ayrılan ixtisaslar məlum olub.

Referans Media-ın “Abituriyent” jurnalının 4-cü nömrəsindən əldə etdiyi məlumata görə, bir sıra universitet və ixtisaslarda qəbul planı tamamilə dövlət sifarişi əsasında formalaşdırılıb.

Belə ki, Bakı Ali Neft Məktəbində Biznesin idarə edilməsi (tədris ingilis dilində) ixtisası üzrə 20, Maliyyə (tədris ingilis dilində) ixtisası üzrə 20 dövlət sifarişli plan yeri ayrılıb.

Məlumat üçün bildirmək istərdik ki, BANM-də hər iki ixtisas üzrə əlavə olaraq ödənişli əsaslarla da qəbul nəzərdə tutulub. Buna görə burada bütövlükdə ixtisas deyil, müvafiq qəbul kodları üzrə 20 yer dövlət sifarişlidir.

ADA Universitetində Kompüter elmləri, Riyaziyyat, İnformasiya texnologiyaları, Kompüter mühəndisliyi, İqtisadiyyat və Maliyyə ixtisaslarının hər biri üzrə 30 dövlət sifarişli plan yeri ayrılıb. Beləliklə, bu qəbul kodları üzrə ümumilikdə 180 dövlət sifarişli yer nəzərdə tutulub. Həmin ixtisaslarda ödənişli qəbul üzrə illik təhsil haqqı Kompüter elmləri, Riyaziyyat, İnformasiya texnologiyaları və Kompüter mühəndisliyində 6000 manat, İqtisadiyyatda 6500 manat, Maliyyədə isə 8000 manatdır. Buna görə bütövlükdə ixtisas deyil, yalnız müvafiq qəbul kodları üzrə göstərilən yerlər dövlət sifarişlidir.

Qarabağ Universitetində II ixtisas qrupu üzrə Coğrafiya müəllimliyi ixtisasına 30, Dövlət və bələdiyyə idarəetməsinə 30, Menecmentə 30, Turizm işinin təşkilinə 40, tədrisi ingilis dilində olan Beynəlxalq ticarət və logistika ixtisasına 30, Biznesin idarə edilməsinə 25, İqtisadiyyata 30, Maliyyəyə 30, Mühasibat ixtisasına isə 25 plan yeri ayrılıb. Bu yerlərin hamısı dövlət sifarişlidir.

Beləliklə, Qarabağ Universitetində qeyd olunan bu istiqamətlər üzrə ümumilikdə 270 dövlət sifarişli plan yeri var.

Qarabağ Universitetinin IV ixtisas qrupu üzrə də ixtisasların bütün plan yerləri dövlət sifarişlidir. Biologiya müəllimliyi üzrə 30, Kimya müəllimliyi üzrə 30, Psixologiya üzrə 30, Əczaçılıq üzrə 24, Tibb bacısı (qardaşı) işi üzrə 36, Stomatologiya üzrə 24, Tibb üzrə 72, tədrisi ingilis dilində Biologiya və Kimya ixtisaslarının hər biri üzrə isə 20 plan yeri ayrılıb.

Bu istiqamətlər üzrə ümumi qəbul planı 286 yer təşkil edir və hamısı dövlət sifarişlidir.

Qarabağ Universitetində qabiliyyət tələb edən ixtisaslar üzrə də dövlət sifarişli yerlər ayrılıb. Musiqi müəllimliyi proqramlarının hər biri üzrə 10, Bəstəkarlıq üzrə 2, Dekorativ-tətbiqi sənət üzrə 10, Dirijorluq üzrə 5, Dizayn üzrə 40, instrumental ifaçılığın ayrı-ayrı istiqamətləri üzrə 10 və 15, Musiqişünaslıq üzrə 5, Rəngkarlıq üzrə 10, Vokal sənətinin xanəndəlik və akademik vokal istiqamətlərinin hər biri üzrə 5 plan yeri nəzərdə tutulub. Bu yerlər də dövlət sifarişi əsasındadır.

Azərbaycan Dövlət Aqrar Universitetində Su bioehtiyatları və akvakultura üzrə 12, Bağçılıq və tərəvəzçilik üzrə əyani formada 20, qiyabi formada 10, Baytarlıq təbabəti üzrə 130, Bitki mühafizəsi üzrə 25, tədrisi ingilis dilində Bağçılıq və tərəvəzçilik üzrə 10, tədrisi ingilis dilində Baytarlıq təbabəti üzrə 15, rus bölməsində Baytarlıq təbabəti üzrə isə 15 yer dövlət sifarişi əsasında ayrılıb.

Biotexnologiya, Ekologiya və Əczaçılıq ixtisaslarında isə jurnalda konkret təhsil haqqı göstərildiyindən onlar bu siyahıya daxil edilmir.

Lənkəran Dövlət Universitetində Bağçılıq və tərəvəzçilik və Baytarlıq təbabəti ixtisaslarının hər biri üzrə 50 plan yeri ayrılıb və həmin yerlər dövlət sifarişlidir.

Kimya və biologiya müəllimliyi və Ekologiya ixtisaslarında isə illik təhsil haqqı 2000 manat göstərildiyindən onlar yalnız dövlət sifarişli ixtisaslar sırasına daxil edilmir.

Beləliklə, təqdim olunan məlumatlardan görünür ki, xüsusilə Qarabağ Universitetində bir sıra ixtisaslar üzrə qəbul planı tam dövlət sifarişi əsasında formalaşdırılıb. Azərbaycan Dövlət Aqrar Universiteti və Lənkəran Dövlət Universitetində də kənd təsərrüfatı və baytarlıq istiqamətlərinin bir qismində dövlət sifarişli qəbul yerləri nəzərdə tutulub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki