Yaponiyada 7 yaşlı oğlunu Fuji dağında tək qoyaraq zirvəyə qalxmağa davam edən ata polis tərəfindən xəbərdar edilib.
Referans Media xəbər verir ki, hadisə zamanı uşaq dəniz səviyyəsindən təxminən 2 500 metr yüksəklikdə, dağ daxmasında tək oturarkən bir əməkdaş tərəfindən aşkarlanıb. Məlum olub ki, uşaq atası və qardaşı ilə birlikdə dağa qalxıb. Yorulduğu və daha getmək istəmədiyi üçün atası ona Fujinomiya cığırının altıncı dayanacağındakı skamyada gözləməyi tapşırıb.
Ata və digər oğlu yürüşü davam etdirib. Təxminən 5 saat sonra geri qayıtdıqda polis əməkdaşlarını uşağın yanında görüblər. Sağlamlıq vəziyyəti yaxşı olan uşaq atasına təhvil verilib.
Polis ataya bu davranışının cinayət məsuliyyəti yarada biləcəyi barədə xəbərdarlıq edib. Ata isə hadisədən peşman olduğunu bildirib.
Hündürlüyü 3 776 metr olan Fuji dağında hava şəraitinin tez-tez dəyişdiyi və yüksəklik xəstəliyi səbəbilə alpinistlərin xilas edilməli olduğu hallar daha əvvəl də qeydə alınıb.
