Yeni Zelandiya hökuməti 16 yaşdan aşağı uşaqların sosial mediadan istifadəsini məhdudlaşdırmağı nəzərdə tutan qanun layihəsini parlamentə təqdim etməyə hazırlaşır.
Referans Media xarici mediaya istinadən xəbər verir ki, baş nazir Kristofer Lüksun bildirib ki, ölkədə 13–17 yaş arası hər üç uşaqdan biri gündə ən azı 5 saatını sosial mediada keçirir. Onun sözlərinə görə, sosial media uşaqları zərərli məzmun, asılılıq yaradan texnologiyalar və hazır olmadıqları təzyiqlərlə qarşı-qarşıya qoyur. Bu vəziyyət ailə həyatına, psixi sağlamlığa, yuxuya və təhsilə mənfi təsir göstərə bilər.
Qanun layihəsinə əsasən, Instagram, TikTok, Snapchat və Facebook kimi platformalar istifadəçilərinin 16 yaşdan yuxarı olduğunu yoxlamaq üçün müəyyən tədbirlər görməli olacaq. Yaşın müəyyənləşdirilməsi üçün hesab məlumatları, üz analizi, rəqəmsal şəxsiyyət xidmətləri və rəsmi sənədlərdən istifadə edilə bilər.
Tələblərə əməl etməyən şirkətlərin qlobal gəlirlərinin 10 faizinə qədər cərimələnməsi nəzərdə tutulur.
Qeyd edək ki, yetkinlik yaşına çatmayanların sosial mediadan istifadəsinə yaş məhdudiyyəti tətbiq edən və ya bununla bağlı tədbirlər hazırlayan ölkələrin sayı artır. Avstraliya, Çin, Braziliya, İndoneziya və Malayziya bu istiqamətdə addımlar atan ölkələr sırasındadır.
