Bu ölkə 16 yaşdan kiçik uşaqlara sosial şəbəkələri QADAĞAN EDİR

Yeni Zelandiya hökuməti 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinin qadağan edilməsi ilə bağlı qanun layihəsi hazırlayır.

Referans Media  xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Yeni Zelandiyanın Baş naziri Kristofer Laksın bildirib ki, onun rəhbərlik etdiyi partiya yaxın zamanda parlamentə 16 yaşdan aşağı uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıran qanun layihəsi təqdim edəcək. Tələblərə əməl etməyən platformalar qlobal gəlirlərinin 10 faizinə qədər cərimələnə bilərlər.

Qanun layihəsinə əsasən, sosial media platformaları istifadəçilərin yaşını yoxlamaq üçün əsaslı tədbirlər görməli olacaqlar. Bunun üçün mövcud hesab məlumatlarından, üz tanıma texnologiyalarından və rəqəmsal şəxsiyyət vəsiqələrindən istifadə edilə bilər.

“Biz Yeni Zelandiyada bütöv bir nəsil uşağa vurulan zərərlə sadəcə barışa bilmərik”, – deyə baş nazir bildirib.

Onun sözlərinə görə, sosial şəbəkələr azyaşlıları zərərli məzmun, asılılıq yaradan texnologiyalar və onların hələ hazır olmadığı müxtəlif psixoloji təzyiqlərlə üz-üzə qoyur. Laksın hesab edir ki, bu, uşaqların ailə həyatına, psixi vəziyyətinə, yuxusuna və təhsilinə mənfi təsir göstərir.

Bununla belə, qanun layihəsinin qəbul ediləcəyi hələ dəqiq deyil. Hakim koalisiyanın tərəfdaşlarından biri olan New Zealand First partiyası təşəbbüsü dəstəkləməyəcəyini açıqlayıb. Partiyanın lideri və xarici işlər naziri Uinston Piters belə məhdudiyyətlərin ölkə üçün təhlükəli presedent yarada biləcəyindən narahatlığını ifadə edib.

Piters həmçinin 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinə qoyulan məhdudiyyətlərin tətbiqində əsas məsuliyyətin valideynlərin üzərinə düşməli olduğunu bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki