Əhaliyə PİS XƏBƏR: Çörəyin qiyməti bahalaşır - Tarix açıqlandı

Payız aylarında çörəyin qiymətinin artması ehtimalı tam istisna olunmur. Lakin hazırkı şəraitdə bahalaşmanı qaçılmaz proses kimi qiymətləndirmək də düzgün deyil. Taxıl və unun qiyməti ilə yanaşı, enerji, yanacaq, əməkhaqqı, daşınma və digər istehsal xərclərində mümkün artımlar çörəyin qiymətinə təsir göstərə bilər.

Referans Media-nın suallarını cavablandıran Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, çörəyin qiymətinə yalnız taxılın qiyməti deyil, unun maya dəyəri, enerji, yanacaq, əməkhaqqı, qablaşdırma, daşınma və digər xərclər də təsir edir.

Onun sözlərinə görə, əsas risk taxıl və un bazarında qiymətlərin yüksəlməsi ilə bağlıdır. Əgər yeni mövsümdə taxıl istehsalı gözləniləndən aşağı olarsa və daxili tələbatın ödənilməsi üçün idxalın payı artarsa, dünya bazarındakı qiymət dəyişiklikləri Azərbaycan bazarına da təsir göstərə bilər.

“Qlobal taxıl bazarında ciddi bahalaşma və ya logistika xərclərinin artması da unun maya dəyərini yüksəldə bilər”, – deyə iqtisadçı qeyd edib.

A.Nəsirli iqlim amilinin də taxıl qiymətlərinə təsir edə biləcəyini vurğulayıb. Onun sözlərinə görə, quraqlıq, yüksək temperatur və su çatışmazlığı taxılın məhsuldarlığına mənfi təsir göstərərsə, təklif azalacaq və qiymət təzyiqi yarana bilər.

Əksinə, yaxşı məhsuldarlıq və daxili bazarda kifayət qədər taxıl ehtiyatının formalaşması qiymət artımının qarşısını alan əsas amillərdən biri olacaq.

İqtisadçı bildirib ki, çörəyin qiymətinin yalnız unun qiymətindən asılı olduğunu düşünmək olmaz. Çörək istehsalçılarının xərclərində elektrik enerjisi, qaz, yanacaq, işçi qüvvəsi, avadanlıqların saxlanılması və nəqliyyat da mühüm yer tutur.

“Bu xərclərin bir neçəsi eyni vaxtda artarsa, istehsalçılar müəyyən müddətdən sonra bunu məhsulun qiymətinə daxil etməyə çalışa bilərlər”, – deyə A.Nəsirli bildirib.

Onun sözlərinə görə, hazırda qiymətlərin sabit qalmasına təsir edən əsas amillərdən biri daxili bazarda un və taxıl təminatının nəzarətdə saxlanılmasıdır. Dövlətin taxıl ehtiyatları və ərzaq təhlükəsizliyi ilə bağlı siyasəti də burada əhəmiyyətlidir.

A.Nəsirli çörəyin sosial baxımdan həssas məhsul olduğunu da diqqətə çatdırıb. Onun fikrincə, məhsulun qiymətində kəskin dəyişiklik həm istehlakçı, həm də dövlət üçün arzuolunmaz nəticələr yarada bilər.

İqtisadçı hesab edir ki, əgər payız aylarında taxıl və unun topdansatış qiymətində ciddi artım baş verməzsə, çörəyin qiymətinin də qısa müddətdə kəskin yüksəlməsi üçün əsas zəifdir.

“Lakin xammal və istehsal xərclərində davamlı artım yaranarsa, bahalaşma daha çox payızın ortalarından və ya ilin sonuna yaxın özünü göstərə bilər. Bu halda artımın konkret neçə qəpik olacağını əvvəlcədən söyləmək çətindir. Çünki bu, əsasən unun maya dəyərinin və digər istehsal xərclərinin nə qədər dəyişəcəyindən asılı olacaq”, – deyə o əlavə edib.

A.Nəsirlinin sözlərinə görə, ən real ssenari kəskin və birdəfəlik bahalaşmadan daha çox, xərclərin artması halında tədricən qiymət təzyiqinin yaranmasıdır.

“Əgər taxıl istehsalı yaxşı nəticə verər, un bazarında sabitlik qorunar və logistika xərcləri ciddi şəkildə yüksəlməzsə, mövcud çörək qiymətlərinin qorunması daha real görünür”.

İqtisadçı qeyd edib ki, qarşıdakı aylarda əsas izlənilməli göstəricilər taxılın məhsuldarlığı, unun topdansatış qiyməti, idxal olunan taxılın dəyəri, yanacaq və enerji xərcləri, həmçinin çörək istehsalçılarının maya dəyəridir.

Onun fikrincə, bu göstəricilərdə eyni vaxtda ciddi artım baş vermədiyi halda, çörəyin qiymətində böyük sıçrayış üçün iqtisadi əsas formalaşmaya bilər.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki