Fransanın cənub-şərqində yerləşən Drom departamentində təxminən bir həftədir davam edən meşə yanğınları hələ də söndürülməyib. Yanğınlar nəticəsində indiyədək təxminən 400 hektar ərazi yanıb.
Referans Media xəbər verir ki, xarici mətbuatın məlumatına görə, ölkənin digər bölgələrindəki yanğınlar əsasən nəzarət altına alınıb. Drom departamentinin Diois şəhərində davam edən yanğınların söndürülməsinə 400-dən çox yanğınsöndürən və 4 helikopter və ya yanğınsöndürən təyyarə cəlb olunub. Hadisə zamanı 4 yanğınsöndürən yüngül xəsarət alıb.
Bu arada, Buş-dü-Ron departamentinin Fontvieille şəhərində baş verən yanğın dünən nəzarət altına alınıb.
Fransanın meteorologiya xidməti Meteo-France ölkə üzrə 17 departamentdə yanğın riskinin yüksək olduğunu açıqlayıb. Qurum həmçinin Fransanın yeni isti hava dalğasının təsiri altına düşdüyünü və 22 departament üçün narıncı səviyyəli istilik xəbərdarlığı verildiyini bildirib.
Qeyd edək ki, tarixinin ən böyük yanğın mövsümünü yaşayan Fransada bu il indiyədək 117 min hektar ərazi yanıb.
