​Bakı və İrəvanı tam qane edən SÜLH ssenarisi: ABŞ Cənubi Qafqazda oyunun qaydalarını dəyişdi!

ABŞ-nin Cənubi Qafqazda, xüsusilə Azərbaycan-Ermənistan münasibətlərində fəallığının artması regiondakı geosiyasi proseslərə təsir edən əsas amillərdən birinə çevrilib. Politoloq Aydın Quliyevin fikrincə, Vaşinqtonun regiona yanaşmasında son dövrlərdə taktiki dəyişiklik baş verib və ABŞ artıq Azərbaycan-Ermənistan münasibətlərinə daha balanslı mövqedən yanaşır.

Referans Media-ya açıqlama verən politoloq Aydın Quliyev bildirib ki, Amerikanın Qafqazda maraqları həmişə olub.

Onun sözlərinə görə, xüsusilə son 30 il ərzində ABŞ Qafqazda öz maraqlarını qoruyub və bu maraqlarını bölgədə reallaşdırmaq üçün müxtəlif taktikalardan istifadə edib.

“Amerikanın öz maraqlarını bu bölgədə yer etmək üçün istifadə etdiyi taktika son vaxtlar dəyişilib. Xüsusilə Tramp hakimiyyətə gələndən sonra Amerika Cənubi Qafqazda, xüsusilə Azərbaycan-Ermənistan münasibətlərində öz marağının ifadə formalarını xeyli dərəcədə dəyişib”.

A.Quliyev qeyd edib ki, Trampdan əvvəl ABŞ-nin regiona yanaşmasında daha çox birtərəfli mövqe müşahidə olunurdu. Onun sözlərinə görə, həmin dövrdə Amerika üstün şəkildə Ermənistanı dəstəkləyir, Azərbaycanın ərazi bütövlüyü məsələsinə isə fərqli münasibət göstərirdi.

“Amma Tramp hakimiyyətə gələndən sonra Cənubi Qafqazda həm Azərbaycan-Ermənistan sülhünə, həm də regionda gedən proseslərə daha balanslı nöqteyi-nəzərdən yanaşmağa başlayıb”.

Politoloq hesab edir ki, bu, bölgənin tələbləri baxımından ABŞ üçün daha düzgün siyasətdir. Onun sözlərinə görə, ABŞ regionda ikili standart siyasət apardığı və dövlətlərdən birinə digərindən üstün münasibət göstərdiyi müddətdə bölgədə işləri yaxşı gedə bilməzdi.

“Amma bugün Amerikanın bu bölgədə aktivliyi ona görə bir neçə qat artıb ki, bölgədəki proseslərə balanslı münasibət göstərir, həm Azərbaycanı, həm də Ermənistanı qane edən sülh prosesində fəal mövqe nümayiş etdirir”.

A.Quliyev bildirib ki, hazırda ABŞ-nin Azərbaycan-Ermənistan sülhünə yanaşması həm Azərbaycan, həm də Ermənistan tərəfindən səmimi şəkildə dəstəklənir.

Onun sözlərinə görə, Amerikanın mövqeyi regionda kommunikasiyaların açılması, Azərbaycan-Ermənistan sülhünün imzalanması, bölgəyə kənardan daha çox investisiya cəlb olunması və regionun Mərkəzi Asiya-Avropa münasibətlərində daha fəal körpü rolunu oynamasına xidmət edir.

“Bu da Azərbaycanı da, Ermənistanı da tam şəkildə qane edir. Ona görə Amerikanın bu bölgədə fəallaşması hazırda bölgənin ümumi rifahı və tərəqqisinə xidmət edir”.

Politoloq hesab edir ki, ABŞ-nin fəallığı Azərbaycan-Ermənistan sülh prosesinə dəstək verir.

“Eyni zamanda Amerikanın fəallaşması bu bölgədə ayrımçı siyasət aparan bəzi kənar qüvvələri müəyyən qədər neytrallaşdırır. Nə qədər ki, Amerika bu siyasətlə bölgəmizdə aktivdir, bu bölgənin Qərbə inteqrasiyası da bir o qədər rəvan gedəcək”.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki