Qərbi Avropada temperatur rekordu qeydə alınıb

Avropa İttifaqının iqlim monitorinq xidməti “Copernicus”un məlumatına görə, Qərbi Avropada iyun və iyul aylarında orta temperatur mövsümi normadan 2,79 dərəcə yüksək olub və 21,62 dərəcəyə çatıb.

Referans Media xəbər verir ki, İyul ayı həmçinin qlobal miqyasda qütblərdən kənar okeanlar üçün ən isti ay kimi qeydə alınıb. Atlantik okeanı və Qərbi Aralıq dənizi boyunca rekord temperatur göstəriciləri qeydə alınıb. Bildirilib ki, Sakit okeanda inkişaf edən El-Nino hava hadisəsi dəniz canlılarına və sahilyanı icmalara mənfi təsir göstərib.

İsti hava dalğası minlərlə insanın həyatına son qoyub

Avropada isti hava dalğalarının təsiri nəticəsində yüksək temperaturla əlaqəli səbəblərdən 25 mindən çox insanın öldüyü bildirilir. Köhnə infrastruktur və kondisionerlərdən istifadənin yetərli olmaması isə isti hava ilə mübarizəni çətinləşdirib.

Avropa Orta Müddətli Hava Proqnozları Mərkəzinin iqlim üzrə alimi Samanta Burgess bildirib ki, güclü istilər və quraqlıq bir-birini gücləndirir. Onun sözlərinə görə, torpaq quruduqca təbii soyutma qabiliyyətini itirir.

Fransa, İspaniya, Almaniya və Böyük Britaniyanın bəzi bölgələrində yağıntı və torpaq rütubəti səviyyəsində rekord azalma qeydə alınıb.

Meşə yanğınları və çaylarda su səviyyəsi ilə bağlı həyəcan

Rekord temperatur Avropada meşə yanğınlarının da artmasına səbəb olub. İspaniya, Fransa və İtaliyada baş verən yanğınlar nəticəsində 1,23 milyon akrdan çox ərazi yanıb, yüz minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.

“Copernicus” Atmosfer Monitorinq Xidmətinin direktoru Lourens Ruil bildirib ki, yanğınların yaratdığı sıx tüstü geniş ərazilərdə havanın keyfiyyətini pisləşdirib.

Quraqlıq səbəbindən Sena, Reyn və Dunay çaylarında suyun səviyyəsi də aşağı düşüb. Dunay çayında suyun həddindən artıq azalması səbəbindən Macarıstan və Rumıniyada çaydan soyutma suyu alan nüvə reaktorlarının istehsalı müvəqqəti dayandırılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki