Kanadada Viktoriya Beynəlxalq Hava Limanından Toronto Pearson Beynəlxalq Hava Limanına uçmağa hazırlaşan Porter Hava Yollarına məxsus PD444 reysi kiçik uşağın təhlükəsizlik kəmərini bağlamaqdan imtina etməsi və oturacağında ayağa qalxması səbəbindən yola düşə bilməyib.
Referans Media xəbər verir ki, şirkətin sözçüsü Bred Sisero bildirib ki, valideynin və kabin heyətinin bütün cəhdlərinə baxmayaraq uşaq oturacağına əyləşməyib. Buna görə təyyarə uçuş-enmə zolağından terminala qaytarılıb.
Təyyarənin terminala qayıtması, uşağın və valideyninin təyyarədən endirilməsi, baqajların təhvil verilməsi və rəsmi prosedurların yenidən həyata keçirilməsi vaxt apardığından uçuş gecikib.
Viktoriya hava limanının uçuş-enmə zolağının gecə saat 00:30-da bağlanması səbəbindən isə reys tamamilə ləğv edilib. Şirkət sərnişinlərdən üzr istəyib və təyyarənin növbəti gün günortadan sonra Torontoya yola düşdüyünü açıqlayıb.
Sərnişinlərdən Aryeh Kozuç təyyarədə narahatlıq yaşandığını, lakin uşağın aqressiv davranmadığını bildirib. Onun sözlərinə görə, uşaq əksinə, çox qorxub və oturacağın altında gizlənməyə çalışıb.
Digər sərnişin Hillari Hersberq isə aviaşirkətin proses boyunca sərnişinlərlə kifayət qədər əlaqə saxlamadığını və uçuş ləğv edildikdən sonra yerləşdirmə məsələsində sərnişinlərin çətinliklə üzləşdiyini deyib.
