Dişlərin rənginin zamanla dəyişməsi təbii prosesdir. Hətta müntəzəm ağız gigiyenasına riayət edən insanlarda da diş minasının parlaqlığı yaş artdıqca azala bilər.
Referans Media xəbər verir ki, bu barədə stomatoloq Kristina Peşçanskaya "Gazeta.ru"ya danışıb.
Həkim bildirib ki, bunun əsas səbəbi minanın tədricən nazikləşməsidir. Dişin xarici qatı yarımşəffaf olduğundan onun altında yerləşən sarımtıl rəngli dentin zaman keçdikcə daha çox görünməyə başlayır.
Qəhvə, çay və siqaret də təsir edir
Dişlərin rənginə yalnız yaş deyil, bir sıra xarici amillər də təsir göstərir. Qəhvə, çay, qırmızı şərabın tez-tez qəbul edilməsi, siqaret çəkmək, dişlərin üzərində piqmentli biofilm və ərpin toplanması dişlərin tündləşməsinə səbəb ola bilər.
Bundan başqa, mina üzərində yaranan mikroçatların, bəzi dərmanların, diş travmalarının və stomatoloji xəstəliklərin də rəng dəyişikliyinə səbəb olduğu qeyd olunur. Buna görə estetik prosedurdan əvvəl dişlərin niyə tündləşdiyini müəyyənləşdirmək vacibdir.
Dişləri ağartmağın ilk mərhələsi
Əgər rəng dəyişikliyi səthi piqmentlərlə bağlıdırsa, ilk növbədə peşəkar ağız gigiyenası tövsiyə olunur. Həkim dişlərin üzərində ev şəraitində təmizlənməsi mümkün olmayan ərpi, biofilmi və digər çöküntüləri aradan qaldırır.Publika.az
Bu prosedurdan sonra dişlər nəzərəçarpacaq dərəcədə açıq görünə bilər. Lakin bu, dişin təbii rənginin dəyişməsi deyil, onun əvvəlki təbii çalarına qaytarılmasıdır.
Peşəkar gigiyena həmçinin kariyes riskini azaltmağa və dişləri sonrakı ağartma proseduruna hazırlamağa kömək edir.
Daha ağ dişlər üçün üsul
Gigiyenadan sonra dişlərin rəngi yenə də istənilən nəticəni vermirsə, həkim nəzarəti altında kabinet şəraitində xüsusi ağartma proseduru tətbiq oluna bilər.
Bu zaman xüsusi gel işıq vasitəsilə aktivləşdirilir. Prosedurdan əvvəl mina vəziyyəti qiymətləndirilir və bütün proses stomatoloqun nəzarəti altında aparılır. Müasir üsullar diş toxumalarına mexaniki zərər vermədən dişləri bir neçə ton açmağa imkan verir.
Prosedurdan sonra isə əldə olunan nəticəni qorumaq üçün həkim tərəfindən xüsusi qulluq qaydaları və müəyyən müddət ərzində “ağ pəhriz” tövsiyə edilə bilər.
Mütəxəssis qeyd edib ki, yaşla əlaqədar diş rənginin dəyişməsi normal prosesdir. Bununla belə, müasir stomatoloji üsullar düzgün diaqnostika və göstərişlər əsasında dişlərin təbii rəngini bərpa etməyə və onları daha da ağartmağa imkan verir.
