Böyük təhlükə AÇIQLANDI: Azərbaycanda bu məhsullar bahalaşacaq!

ABŞ-İran qarşıdurmasının dərinləşməsi fonunda neft qiymətlərinin yüksəlməsi Azərbaycanın büdcə və neft gəlirlərinə müsbət təsir göstərə bilər. Lakin regionda logistika, idxal və nəqliyyat xərclərinin artması ölkədə qiymətlərin yüksəlməsinə də səbəb ola bilər.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc Referans Media-nın suallarını cavablandırarkən bildirib ki, bölgədə və ümumiyyətlə, dövlətlərarası münasibətlərin gərginləşməsi fonunda logistika, idxal və nəqliyyat xərclərinin artması ilə yanaşı, neftin qiymətinin yüksəlməsi Azərbaycan büdcəsinə və Dövlət Neft Fonduna daxilolmaların həcmini artıra bilər.

Ekspert qeyd edib ki, bu, ilkin mərhələdə ölkə üçün müəyyən üstünlüklər yaratsa da, münaqişələrin daha da dərinləşməsi dünya iqtisadiyyatına ciddi təsir göstərə və Azərbaycan iqtisadiyyatı üçün də mühüm risklər yarada bilər:

“İlkin mərhələdə neftdən gələn gəlirlərin artması, Azərbaycan neftinin qiymətinin yüksəlməsi və alternativ nəqli yollarının axtarılması, münaqişənin yaratdığı logistik xərclərin qiymətlərə birbaşa təsir göstərməsi Azərbaycan iqtisadiyyatı üçün müsbət perspektivlər vəd etsə də, nəzərə alsaq ki, neftin qiymətinin qalxması neft emalı nəzərindən bir çox məhsulların, o cümlədən yanacağın qiymətinin artmasına səbəb olur. Bu da son nəticədə məhsulların qiymətində logistik xərclərin ifadə olunması ilə nəticələnir və bahalaşma baş verir”.

Vüqar Orucun sözlərinə görə, Azərbaycan iqtisadiyyatının böyük bir hissəsi idxal yönümlüdür və ixrac səviyyəsi hələ kifayət qədər yüksək deyil. Bu baxımdan, belə vəziyyət ölkə iqtisadiyyatı üçün müəyyən problemlər yarada bilər.

“Ümid edirik ki, bütün münaqişələr tez bir zamanda həll olunacaq və dünyada sülhün bərqərar olması normal iqtisadi münasibətlərin inkişafı, dövlətlərarası əlaqələrin daha da iqtisadi baxımdan düzənlənməsi ilə nəticələnəcək. Son nəticədə Azərbaycan iqtisadiyyatı da sakit templə, öz axarı ilə və hökumət tərəfindən aparılan iqtisadi islahatlar fonunda daha yüksək səviyyədə inkişafa nail ola bilər”, - deyə ekspert bildirib.

O qeyd edib ki, hər hansı dəyişikliyin ilkin variantının uzunmüddətli və genişmiqyaslı təsirlərini hesablamaq lazımdır:

“Azərbaycan iqtisadiyyatı istehsal yönümündə daha da öz imkanlarını səfərbər edirsə, istehsala yönümlü və özümüzdən xammal istehsalından çox, məhsul istehsalına önəm verən bir iqtisadiyyat formasını ala bilsə, bu, Azərbaycanın kənarda baş verənlərin Azərbaycan iqtisadiyyatına təsirini müəyyən qədər azalda bilər”.

Ekspertin sözlərinə görə, Azərbaycan dünya iqtisadiyyatının tərkib hissəsi olduğuna görə baş verən bahalaşmalar və kritik durum zamanı dəyişikliklər birbaşa ölkə iqtisadiyyatında özünü göstərir.

“İran Azərbaycanın qonşusudur və ölkələr arasında iqtisadi münasibətlər var. İrandan idxal olunan malların hər hansı qarşıdurma nəticəsində, nəhayət, qarşıdurma nəticəsində həm logistik problemləri yaranır, həm eyni zamanda qiymətlərin artımı baş verir. Bazarda müəyyən məhsulların məhdudluğu ilə qarşılaşıb, bu problemlər Azərbaycanda qiymət artımına bu və ya digər formada təsir göstərir”, - deyə Vüqar Oruc vurğulayıb.

O bildirib ki, neftdən daha çox gəlir əldə olunsa da, Azərbaycan iqtisadiyyatında baş verən dəyişikliklər həmin gəlirləri bu və ya digər formada kompensasiya edə bilər.

Gülnaz Abdullazadə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki