Azərbaycan əhalisinin DİQQƏTİNƏ: Sentyabrın 1-dən ödənişli olur

Sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə görə ödənişlərin tətbiqinə başlanılacaq. Yeni ödənişlərin bizneslərin xərclərinə və məhsul və xidmətlərin qiymətlərinə necə təsir edəcəyi, eyni zamanda su ehtiyatlarından daha səmərəli istifadəyə şərait yaradıb-yaratmayacağı maraq doğurur.

Referans Media-nın suallarını cavablandıran Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə görə ödənişlərin tətbiqi ilk növbədə sudan kommersiya məqsədilə istifadə edən müəssisələrin xərclərinə müəyyən əlavə yük gətirə bilər.

Onun sözlərinə görə, xüsusilə sudan istehsal prosesində böyük həcmdə istifadə edən sənaye müəssisələri, kənd təsərrüfatı və digər sahələr üzrə fəaliyyət göstərən bizneslər üçün bu ödənişlər maya dəyərinə təsir edə bilər. Lakin bunun qiymətlərə təsiri bütün sahələr üzrə eyni olmayacaq. Su xərclərinin məhsulun ümumi maya dəyərində payı aşağı olan müəssisələrdə qiymət artımı ya çox cüzi olacaq, ya da ümumiyyətlə hiss edilməyəcək.

İqtisadçı qeyd edib ki, əgər ödənişlərin məbləği yüksək deyilsə və müəssisələr üçün ciddi xərc yaratmırsa, bunun istehlakçı qiymətlərinə birbaşa təsiri məhdud olacaq. Əksinə, sudan intensiv istifadə edən sahələrdə əlavə xərc müəyyən qədər məhsul və xidmətlərin qiymətinə ötürülə bilər.

“Burada əsas məsələ ödənişlərin düzgün hesablanmasıdır. Tariflər elə müəyyən edilməlidir ki, həm su ehtiyatlarının iqtisadi dəyərini nəzərə alsın, həm də biznes üçün həddindən artıq maliyyə yükü yaratmasın”, – deyə Akif Nəsirli bildirib.

Onun sözlərinə görə, bu ödənişlərin əsas iqtisadi məqsədi yalnız büdcəyə əlavə gəlir toplamaq olmamalıdır. Əsl məqsəd suyun məhdud və strateji resurs olduğunu nəzərə alaraq ondan daha səmərəli istifadəni təşviq etməkdir.

Akif Nəsirli bildirib ki, su pulsuz və ya çox ucuz olduqda müəssisələrin israfı azaltmaq üçün iqtisadi motivasiyası zəifləyə bilər. Ödəniş tətbiq edildikdə isə sahibkar üçün suya qənaət edən texnologiyalara keçmək, itkiləri azaltmaq, təkrar emaldan istifadə etmək və istehsal proseslərini optimallaşdırmaq daha sərfəli hala gələ bilər.

Xüsusilə kənd təsərrüfatında bunun əhəmiyyətinin böyük olduğunu vurğulayan iqtisadçı qeyd edib ki, suvarmada müasir texnologiyaların, məsələn, damcı və yağmurlama sistemlərinin tətbiqi su sərfiyyatını azaltmaqla yanaşı, sahibkarın uzunmüddətli xərclərini də aşağı sala bilər.

Sənayedə isə suyun təkrar istifadəsi və qapalı su dövriyyəsi sistemlərinin qurulması həm ödənişləri, həm də su itkilərini azaltmağa imkan verə bilər.

Bununla belə, mexanizmin səmərəli işləməsi üçün toplanan vəsaitin su infrastrukturunun yaxşılaşdırılmasına, su itkilərinin azaldılmasına və su ehtiyatlarının qorunmasına yönəldilməsinin vacib olduğunu deyən Akif Nəsirli bildirib ki, əks halda sahibkar yalnız əlavə xərc görəcək, lakin suyun daha səmərəli istifadəsi üçün lazımi infrastruktur və stimullar yaranmayacaq.

“Ümumilikdə, bu ödənişlər düzgün qurularsa, qısamüddətli dövrdə bəzi bizneslərin xərclərini müəyyən qədər artıra, uzunmüddətli dövrdə isə suya qənaəti və daha səmərəli texnologiyalara keçidi sürətləndirə bilər. Əsas məsələ tariflərin iqtisadi cəhətdən əsaslandırılmış olması, xüsusilə su tutumlu sahələr üçün keçid imkanlarının yaradılması və sahibkarların suya qənaət edən investisiyalarının stimullaşdırılmasıdır”, – deyə iqtisadçı əlavə edib.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki