Mərkəzi Bankdan MÜHÜM QƏRAR: Sentyabrın 1-dən etibarən...

Bankların kibertəhlükəsizlik və kartların qorunması ilə bağlı xərcləri müştərilərdən ayrıca xidmət haqqı kimi tutulması son dövrlərdə müzakirə olunan məsələlərdən biridir. Bəs bankların, məsələn, 20 manat civarında belə bir haqq tətbiq etməsi hüquqi baxımdan nə dərəcədə əsaslıdır? Vətəndaş pul vəsaitlərinin təhlükəsizliyini təmin etmək üçün banka etibar etdiyi halda, kibertəhlükəsizlik xərclərinin ayrıca müştərinin üzərinə qoyulması qanunvericiliyə uyğundurmu?

Referans Media-ya açıqlama verən hüquqşünas Rəhim Xoyski bildirib ki, bankların kibertəhlükəsizlik və kartların qorunması ilə bağlı xərcləri müştəridən, məsələn, 20 manat həcmində ayrıca “xidmət haqqı” kimi tutması hüquqi baxımdan əsassızdır. Bunun bir neçə səbəbi var.

“Birincisi, vəsaitin təhlükəsizliyini təmin etmək bankın müştəriyə göstərdiyi əlavə bir lütf deyil, bu, bank fəaliyyətinin mahiyyətidir. Vətəndaş pulunu evdə saxlamaq əvəzinə məhz ona görə banka etibar edir ki, orada təhlükəsiz olsun. Yəni təhlükəsizlik bankın satdığı əsas məhsulun özüdür və artıq mövcud xidmət haqları, komissiyalar və faiz marjası vasitəsilə ödənilir. Eyni şeyə görə müştəridən ikinci dəfə pul tutmaq, təhlükəsizliyi ayrıca satmaq, hüquqi cəhətdən onu ikiqat ödənişə məcbur etmək deməkdir.

İkincisi və bu, ən vacib məqamdır. Kibertəhlükəsizlik bankın müştəriyə göstərdiyi xidmət yox, dövlətin bankın üzərinə qoyduğu öhdəlikdir. “Mərkəzi Bank haqqında” Qanunun 48-ci maddəsinə əsasən, Mərkəzi Bank nəzarət subyektlərində, o cümlədən banklarda informasiya təhlükəsizliyinin təmin edilməsinə dair minimum tələbləri müəyyən edir və kibertəhlükəsizlik sahəsində onların fəaliyyətini əlaqələndirir. Bundan əlavə, Mərkəzi Bankın maliyyə bazarlarında kibertəhlükəsizlik üzrə xüsusi Strategiyası fəaliyyət göstərir. Yəni bank kibertəhlükəsizliyi öz lisenziyasını saxlamaq üçün, qanun ona məcbur etdiyi üçün təmin edir. Bunu “xidmət” adı altında müştərinin üzərinə keçirmək, bankın öz qanuni öhdəliyinin, öz əməliyyat xərcinin maliyyələşdirilməsini vətəndaşdan tələb etməkdir.

Üçüncüsü, bankın öz mövqeyi öz-özünü təkzib edir. Bank bazarda özünü pulun ən təhlükəsiz saxlanma yeri kimi təqdim edir, təhlükəsizlik onun reklam etdiyi əsas dəyərdir. Amma təhlükəsizliyi ayrıca ödənişli xidmət kimi satırsa, bu o deməkdir ki, bu haqqı ödəməyən müştərinin hesabı təhlükəsizdir? Belə şey mümkün deyil. Təhlükəsiz olmayan bank hesabı ümumiyyətlə qanuni bank məhsulu sayıla bilməz. Deməli, təhlükəsizlik heç vaxt seçim əsaslı, əlavə ödənişli funksiya ola bilməz, o, bazara buraxılan hər bir hesabın ayrılmaz tərkib hissəsidir.

Dördüncüsü, hər hansı komissiya və ya xidmət haqqının qanuniliyi üç şərtə bağlıdır: o, müştəriyə real, ayrıca və müəyyən edilə bilən bir xidmətə görə tutulmalı, müqavilədə aydın əks olunmalı və müştərinin razılığı ilə tətbiq edilməlidir. Ümumi “kibertəhlükəsizlik haqqı” bu şərtlərə cavab vermir, çünki qarşılığında konkret bir xidmət durmur, bankın onsuz da yerinə yetirməyə borclu olduğu öhdəlik durur. İstehlakçı hüquqları baxımından belə şərt ədalətsiz və etibarsız sayıla bilər. Vətəndaş bununla bağlı Mərkəzi Bankın istehlakçıların müdafiəsi funksiyasına şikayət edə bilər.

Burada bir istisnanı da qeyd etmək lazımdır ki, cavab tam olsun. Bank həqiqətən əlavə, könüllü və qanuni minimumun fövqündə olan bir məhsul təklif edirsə, məsələn, kartın icazəsiz istifadəsindən sığorta, genişləndirilmiş fırıldaqçılıq təminatı və ya müştərinin bilərək qoşulduğu premium qoruma paketi, bunun müqabilində ayrıca haqq tutmaq qanunidir.

Sərhəd budur: bankın öz baza öhdəliyi olan təhlükəsizlik heç vaxt ödənişli ola bilməz, müştərinin məlumatlı razılığı ilə seçdiyi, baza təhlükəsizlikdən artıq real təminat verən xidmət isə ödənişli ola bilər. Amma “kibertəhlükəsizlik” adı altında məcburi, ümumi bir haqqın tutulması, yəni bankın öz qanuni vəzifəsinə görə müştəridən pul alması əsassızdır”, - deyə R.Xoyski qeyd edib.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki