ABŞ-da təhlükəli istilər: 162 milyon nəfər risk altındadır

ABŞ-da 4 İyul Müstəqillik Günü ərəfəsində ölkənin böyük hissəsində müşahidə olunan ekstremal istilər səbəbindən xəbərdarlıq edilib. Referans Media xarici mətbuata istinadən xəbər verir ki, 35 ştatda təxminən 162 milyon nəfər yüksək temperatur riski ilə üz-üzədir.

Meteoroloqların proqnozuna görə, həftə ərzində bir sıra bölgələrdə temperatur 35 dərəcəni, cənub və daxili ərazilərdə isə 40 dərəcəni keçəcək. Yüksək rütubət səbəbindən hiss olunan temperaturun 40-46 dərəcəyə çatacağı bildirilir.

Boston, Nyu-York, Çikaqo, Vaşinqton, Atlanta və Orlando da daxil olmaqla bir çox böyük şəhər isti hava dalğasının təsiri altındadır. Mütəxəssislər gecə saatlarında da temperaturun yüksək qalacağını, bunun isə istilik vurması və digər sağlamlıq problemləri riskini artıracağını bildirirlər.

Yerli hakimiyyət orqanları əhaliyə bol su içməyi, zərurət olmadıqca açıq havada qalmamağı və sərinləmə mərkəzlərindən istifadə etməyi tövsiyə edib. ABŞ-da iyulun 4-dən etibarən yüzə yaxın gündəlik temperatur rekordunun yenilənəcəyi gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki