Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən Sübhi Salayev küçəsinin yararsız vəziyyəti sakinlərin etirazına səbəb olub. Onların sözlərinə görə, Səməd Vurğun küçəsini Zivərbəy Əhmədbəyov küçəsi və Zabitlər Parkı ilə birləşdirən bu yol uzun illərdir əsaslı təmir görməyib.
Sakinlər bildirirlər ki, küçənin təxminən 300-500 metrlik hissəsində çoxsaylı çala və çuxurlar yaranıb. Bu isə nəqliyyatın hərəkətini çətinləşdirməklə yanaşı, avtomobillərin texniki vəziyyətinə də mənfi təsir göstərir.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) və Bakı Şəhər İcra Hakimiyyəti bildiriblər ki, sözügedən küçənin asfalt örtüyünün yenilənməsi onların səlahiyyət dairəsinə daxil deyil./milli.az/
