Prezidentin Naxçıvanla bağlı fərmanı - Bu fərman hər şeyi kökündən dəyişir

Prezident İlham Əliyevin imzaladığı Fərmanla Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində yeni dəyişikliklər edilib.

Referans Media xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən politoloq Aydın Quliyev bildirib ki, bu dəyişiklikləri hansısa siyasi zərurətdən daha çox, yeni yaradılmış institutun fəaliyyətinin təkmilləşdirilməsi zərurəti kimi qiymətləndirmək lazımdır.

Onun sözlərinə görə, Naxçıvan müstəqil siyasi subyekt deyil və ayrıca daxili və ya xarici siyasət xəttinə malik deyil.

“Naxçıvan üzrə Prezidentin səlahiyyətli nümayəndəliyinin fəaliyyətinin genişləndirilməsini hansısa siyasi zərurətlə yox, onun işinin daha da təkmilləşdirilməsi zərurəti ilə izah etmək daha doğru olar. Naxçıvan müstəqil siyasi subyekt deyil. Onun nə daxili, nə də xarici siyasətdə Azərbaycandan fərqli ayrıca siyasət xətti yoxdur. Naxçıvan Azərbaycanın bölünməz, ayrılmaz tərkib hissəsidir. Ona görə də bu dəyişikliklər daha çox həmin strukturun fəaliyyətinin təkmilləşdirilməsinə və gücləndirilməsinə xidmət edir.”

Politoloq qeyd edib ki, Prezidentin səlahiyyətli nümayəndəliyi Azərbaycanın icra hakimiyyəti sistemində tamamilə yeni yaradılmış strukturdur. Bu səbəbdən də onun fəaliyyətində və səlahiyyətlərində zaman-zaman dəyişikliklərin və islahatların aparılması normal yanaşmadır.

“Prezidentin səlahiyyətli nümayəndəliyi Azərbaycanın icra hakimiyyəti sistemində tamamilə yeni bir strukturdur. Müharibədən sonra yaradılıb. Bəzi yerlərdə onun fəaliyyəti özünü tam doğruldur, bəzi yerlərdə isə doğrultmur. Ona görə də səlahiyyətli nümayəndəliyin fəaliyyətində və səlahiyyətlərində zaman-zaman dəyişikliklərin, islahatların aparılması normal yanaşmadır. İcra sistemində tam yeni struktur olduğuna görə müəyyən dövrlərdə onun fəaliyyətində dəyişikliklərə ehtiyac yaranacaq. Mövcud dəyişikliklərə də bu nöqteyi-nəzərdən baxmaq lazımdır.”

Aydın Quliyevin sözlərinə görə, Naxçıvan üzrə səlahiyyətli nümayəndəliyin ali kateqoriya dövlət vəzifələri sırasına daxil edilməsi, ştat sayının artırılması, səlahiyyətlərinin genişləndirilməsi və digər dəyişikliklər də məhz bu yanaşmanın tərkib hissəsidir.

“İstər Naxçıvan üzrə səlahiyyətli nümayəndəliyin ali kateqoriya dövlət vəzifələri sırasına daxil edilməsi, istər ştatların artırılması, səlahiyyətlərinin genişləndirilməsi, istərsə də əməkhaqlarının artırılması məsələsinə bu prinsipdən yanaşmaq lazımdır. Zaman keçdikcə bu yeni strukturda dəyişikliklərə ehtiyac yaranır.”

Bununla yanaşı, politoloq bildirib ki, aparılan islahatlardan dərhal ciddi nəticələr gözləmək düzgün olmaz.

“Əlbəttə, Naxçıvan üzrə səlahiyyətli nümayəndəliyin fəaliyyətinin genişləndirilməsi istiqamətində aparılan islahatların dərhal, ani şəkildə fantastik dəyişikliklərə gətirib çıxaracağını düşünmürəm. Unutmamalıyıq ki, mənim fikrimcə, bundan əvvəlki Naxçıvan üzrə ilk səlahiyyətli nümayəndəliyin fəaliyyəti qənaətbəxş olmayıb.”

Ekspert hesab edir ki, islahatların nəticəsi ilk növbədə yeni səlahiyyətli nümayəndəliyin bu dəyişikliklərə və islahatlara necə yanaşacağından asılı olacaq.

“Hər şey ondan asılı olacaq ki, Naxçıvan üzrə səlahiyyətli nümayəndəlik bu dəyişikliklərə və islahatlara nə dərəcədə məsuliyyətlə yanaşa biləcək. Əgər doğrudan da səlahiyyətli nümayəndəlik bu dəyişikliklərə lazımi qədər məsuliyyətlə yanaşarsa, müəyyən nəticələrdən danışmaq mümkün olacaq. İkincisi, bu, özündən əvvəlki nümayəndəliyin fəaliyyətindən nə dərəcədə nəticə çıxaracağından da asılı olacaq.”

Politoloq bildirib ki, yeni səlahiyyətli nümayəndəliyin həm Prezidentin göstərdiyi etimadı doğrultması, həm də əvvəlki təcrübədən nəticə çıxarması mühüm əhəmiyyət daşıyır.

“Fikrimcə, bu iki amil nəzərə alınarsa, yəni həm bu islahatları Prezidentin göstərdiyi etimad kimi qəbul edə bilsələr, həm də əvvəlki nümayəndəliyin fəaliyyətindən lazımi nəticə çıxarsalar, müəyyən nəticələr əldə etmək mümkün olacaq. Amma hər halda bu islahatlara ehtiyac var idi. Çünki bu, yeni yaradılmış strukturdur və zaman keçdikcə onun fəaliyyətində müəyyən dəyişikliklərin aparılmasına ehtiyac yaranır.”

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki