Son günlər dünyanın müxtəlif bölgələrində baş verən zəlzələlər ictimaiyyətdə narahatlıq yaradıb. Mütəxəssislər isə bildirirlər ki, bu cür proseslər Yerin geoloji fəaliyyətinin təbii nəticəsidir və hər bir hadisə müəyyən qanunauyğunluqlar çərçivəsində baş verir.
Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən mütəxəssis Ənvər Əliyev bildirib ki, hazırda dünyada müşahidə olunan seysmik aktivlik qeyri-adi hadisə kimi qiymətləndirilməməlidir.
Onun sözlərinə görə, dünyada güclü zəlzələlər hər zaman olub, hazırda da var və gələcəkdə də davam edəcək:
“Yer qabığında baş verən bütün proseslər müəyyən geoloji qanunauyğunluqlara tabedir. Zəlzələlər də istisna deyil. Hazırda müxtəlif bölgələrdə qeydə alınan təkanlar əsasən dünyanın tanınmış seysmik aktiv qurşaqları boyunca baş verir.
Bu proseslər litosfer tavalarının hərəkəti və qarşılıqlı təsiri ilə əlaqəlidir. Dünyanın müxtəlif hissələrində, xüsusilə böyük tektonik zonalarda baş verən zəlzələlər həmin təbii proseslərin nəticəsidir.
Bizim yerləşdiyimiz region da geoloji baxımdan aktiv zonalardan biridir. Afrika litosfer tavalarının hərəkəti və digər geodinamik təsirlər nəticəsində bu ərazilərdə seysmik aktivlik davamlı olaraq müşahidə olunur və gələcəkdə də müəyyən intensivliklə davam edəcək.
Lakin konkret olaraq harada, nə zaman və hansı gücdə zəlzələ baş verəcəyini dəqiq proqnozlaşdırmaq bu gün elmin imkanları daxilində deyil. Hazırda dünya elmi bu suallara dəqiq cavab verə bilmir.”
Ənvər Əliyev qeyd edib ki, cəmiyyətdə təşviş yaratmaq əvəzinə əsas diqqət təhlükəsiz infrastrukturun qurulmasına yönəldilməlidir:
“İnsanların əsas müdafiə vasitəsi düzgün tikinti texnologiyalarıdır. Dünya təcrübəsi göstərir ki, zəlzələyə davamlı tikinti standartları tətbiq edilən ölkələrdə hətta çox güclü seysmik hadisələr zamanı insan itkilərini minimuma endirmək mümkündür.
Bunun ən yaxşı nümunələrindən biri Yaponiyadır. Orada yüksək seysmik aktivliyə baxmayaraq, müasir tikinti texnologiyaları və qabaqlayıcı tədbirlər sayəsində risklər ciddi şəkildə azaldılır.”
Mütəxəssis sonda vurğulayıb ki, zəlzələlər təbiətin ayrılmaz hissəsidir və əsas məqsəd onlardan qorxmaq deyil, onlara hazır olmaqdır.
