Prezident İlham Əliyevin imzaladığı “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanla Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsinin səlahiyyətləri genişləndirilib.
Referans Media xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, bu dəyişiklikləri qiymətləndirmək üçün onların praktik tətbiqini gözləmək lazımdır.
Deputatın sözlərinə görə, əsas məsələ yeni yaradılan mexanizmin necə işləyəcəyidir:
“Bu barədə qəti fikir söyləməkdə çətinlik çəkirəm. Burada əsas məsələ odur ki, əvvəllər qanunvericilikdə nəzərdə tutulmayan bir mexanizm yaradılıb. Səlahiyyətli nümayəndəliyə 55 ştat vahidi ayrılıb. Bu da əhalisinin sayı çox olmayan, coğrafi baxımdan müəyyən çətinlikləri olan, üstəlik blokada şəraitində yaşayan və əsasən hava nəqliyyatı vasitəsilə kommunikasiya qura bilən Naxçıvan kimi bir bölgədə proseslərin daha səmərəli idarə olunmasına, iqtisadi islahatların həyata keçirilməsinin koordinasiyasına və digər məsələlərin həllinə fayda verə bilər.”
Fazil Mustafa qeyd edib ki, bütün bunlar qəbul olunan mexanizmdən necə istifadə edilməsindən asılı olacaq.
“Naxçıvanda həm səlahiyyətli nümayəndə, həm Ali Məclisin rəhbəri, həm də Baş nazir müəyyən mənada yeni kadrlardır. Artıq onların Naxçıvanla bağlı bir neçə illik təcrübəsi formalaşıb. Ümid edirəm ki, bu səlahiyyətlər onların Naxçıvanın inkişafına töhfə verməsi üçün böyük dəstək olacaq. Çünki bu istiqamətdə gözləntilər də böyükdür.”
Deputat vurğulayıb ki, Naxçıvanın əsas problemi kommunikasiya məsələsidir.
“İstənilən halda müəyyən problemləri həll etməyə çalışsanız belə, yol bağlı olduğu müddətdə bunu tam həyata keçirmək mümkün olmayacaq. Birinci növbədə yol məsələsi həllini tapmalıdır. Yol açılmayınca Naxçıvanla bağlı böyük layihələri reallaşdırmaq çətin olacaq.”
Bununla belə, Fazil Mustafa hesab edir ki, yol açılanadək görüləcək hazırlıq işləri baxımından səlahiyyətlərin genişləndirilməsi vacib addımdır.
“Yol açılanadək olan dövrün şərtlərini hazırlamaq baxımından bu səlahiyyətlərin genişləndirilməsi zəruridir. Məncə, bu səlahiyyətlərdən səmərəli istifadə olunsa, Naxçıvanda əhalinin məskunlaşması, məşğulluğunun artırılması və insanların rifahına xidmət edən siyasətin həyata keçirilməsi üçün yeni imkanlar yarana bilər.”
Gülnaz Abdullazadə
