Netflix platformasını 11 milyon dollar məbləğində dələduzluq yolu ilə ziyana salmaqda təqsirli bilinən Hollivud rejissoru Carl Erik Rinsch 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmənin qərarına əsasən, rejissor həbs cəzası ilə yanaşı, azadlığa çıxdıqdan sonra 3 il nəzarət altında olacaq, 11 milyon dollar təzminat ödəyəcək və 700 dollar məbləğində cərimələnəcək.
İttihama görə, Rinsch tamamlamadığı "White Horse" adlı elmi-fantastik serial üçün Netflix tərəfindən ayrılan 11 milyon dolları çəkilişlərə deyil, şəxsi hesabına köçürərək kriptovalyutalara və digər riskli investisiyalara yönəldib. O, həmçinin bu vəsait hesabına Rolls-Royce, Ferrari markalı avtomobillər, bahalı mebellər və dizayner geyimləri alıb.
Məhkəmədə çıxış edən rejissor törətdiyi əməllərə görə üzr istəyərək məsuliyyəti qəbul edib. ABŞ prokurorluğu isə bu hökmün maliyyə dələduzluğuna qarşı mühüm xəbərdarlıq xarakteri daşıdığını bildirib.
ABŞ mediasının məlumatına görə, rejissorun Netflix ilə müqavilə bağladıqdan sonra qeyri-sabit davranışlar nümayiş etdirdiyi, yaxınlarının isə onun müxtəlif qeyri-adi iddialar səsləndirdiyini bildirdiyi qeyd olunub.
