Avropada qırmızı həyəcan: Ölümcül istilər şərqə doğru yayılır

Qərbi Avropada yüzlərlə insanın ölümünə səbəb olan rekord istilər indi Mərkəzi, Şərqi və Cənubi Avropaya yayılıb.

Referans Media xarici KİV-ə istinadən xəbər verir ki, Macarıstan, Polşa, Rumıniya və Balkan ölkələrində yüksək temperatur səbəbindən qırmızı xəbərdarlıq elan olunub, əhaliyə zəruri olmadıqca çölə çıxmamaq tövsiyə edilib.

Slovakiyada havanın temperaturu 40,5 dərəcəyə çataraq tarixi rekord qeydə alınıb. Macarıstanın paytaxtı Budapeştdə temperaturun 40 dərəcəni keçəcəyi gözlənilir. Ölkə üzrə 2 mindən çox sərinləmə mərkəzi fəaliyyətə başlayıb.

Almaniyada da rekord istilər müşahidə olunub. Yüksək temperatur nəqliyyatda problemlər yaradıb, bəzi bölgələrdə tramvay xətlərində nasazlıqlar baş verib. Xorvatiyada isə meşə yanğınları səbəbindən bir sıra şəhərlərdə qırmızı həyəcan elan edilib.

Fransada istilərlə əlaqədar 1000-dən çox, İspaniyada isə 800-dən artıq əlavə ölüm qeydə alınıb.

Mütəxəssislər bildirirlər ki, iqlim dəyişikliyi səbəbindən Mərkəzi və Şərqi Avropa şəhərləri ekstremal istilərə qarşı daha həssasdır. Yüksək temperatur Ukraynada da enerji sisteminə əlavə yük yaradaraq bəzi bölgələrdə fövqəladə elektrik kəsintilərinə səbəb olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki