ABŞ rəhbərliyində İrana qarşı hərbi əməliyyatlar və ya digər təzyiq mexanizmlərinin dövriyyəyə buraxılması ilə bağlı hələlik konkret qərar qəbul olunmayıb. ABŞ-la aparılan danışıqlar Vaşinqtonun istədiyi nəticəni verməsə, İrana yönəlik atılacaq addımların miqyası, hədəfləri və metodologiyası da hələ tam formalaşdırılmayıb.
Referans Media-ya açıqlama verən politoloq Natiq Miri bildirib ki, bu mövzuda hazırda müzakirələr davam edir və bu, təbii proses hesab olunur. Çünki sırf hücum həyata keçirmək xatirinə hücum əməliyyatının aparılması ABŞ-ın strateji məqsədlərinə töhfə verməyəcəyi kimi, İran daxilində mövcud rejimin mövqelərini də gücləndirə bilər. Buna görə də ilk növbədə konkret strateji hədəflər müəyyənləşdirilməli, daha sonra bu hədəflərə çatma yolları planlaşdırılmalı və hazırlıq mərhələsi tamamlanmalıdır.
Məsələ son dərəcə ciddi xarakter daşıyır. Dəqiq nöqtə zərbələrinin mümkün olması üçün çox güclü və etibarlı kəşfiyyat məlumatlarına ehtiyac var. Böyük hərbi güc toplayan ABŞ İranda mövcud olan bütün potensial hədəfləri müəyyənləşdirməli, hücumun sürətli, intensiv və davamlı aparılması üçün zaman və geniş hazırlıq görməlidir. Təkcə təyyarədaşıyan gəminin Yaxın Şərqdə, İrana yaxın mövqedə yerləşdirilməsi hələ real nəticə vermir. Bundan əlavə, “Tomahawk” tipli raketlərlə silahlanan digər gəmilərin də dəqiq koordinasiyalı şəkildə istifadəsi üçün konkret ehtiyaclar müəyyənləşdirilməlidir və bu da vaxt tələb edir. Davam edən danışıqlar ABŞ-a məhz bu vaxtı qazandırır.
ABŞ və onun müttəfiqləri böyük hərbi gücü İrana yaxın saxlayaraq, təzyiq yolu ilə istəklərinə nail olmağa çalışır. Hazırda masada yalnız hərbi variant deyil, İran rejiminin iqtisadi cəhətdən boğulması, ölkə daxilində sosial-iqtisadi gərginliyin və etirazların artması kimi ssenarilər də mövcuddur. İran rejiminin ölkə daxilində ciddi ictimai dayağı qalmayıb. Son etirazlar və kütləvi insan qırğınlarından sonra cəmiyyətin rejimə etimadı xeyli zəifləyib və faktiki olaraq rejim legitimliyini itirib.
Məlumatlara görə, İran elitasına daxil olan iş adamları kapitallarını kütləvi şəkildə ölkədən çıxarırlar. Bu barədə ABŞ-ın maliyyə naziri də açıqlama verərək həmin vəsaitlərin hara yönəldiyini izləmək imkanlarının olduğunu bildirib.
Mümkün proseslərin Azərbaycan üçün müsbət tərəflərindən danışmaq çətindir, çünki insan ölümü ilə nəticələnəcək hər hansı ssenarinin müsbət tərəfi ola bilməz. Bu baxımdan burada qazanc axtarmaq doğru yanaşma sayılmır. Mənfi tərəflər isə daha real görünür. Genişmiqyaslı müharibə ehtimalı, hətta operativ çevik qüvvələrin müəyyən siyasi liderləri aradan götürmək məqsədilə quru əməliyyatları keçirməsi ssenarisi də tam istisna edilmir. Daha əvvəl Venesuelada qısa müddətli əməliyyat zamanı prezidentin və ailəsinin ölkədən çıxarılması buna nümunə kimi göstərilir.
Belə hərbi əməliyyatların davamlı xarakter alacağı təqdirdə böyük miqrasiya dalğasının yaranması ehtimalı var. Bu isə Türkiyə, Azərbaycan və digər qonşu ölkələr, eləcə də Pakistan və ərəb ölkələri üçün ciddi humanitar problemlər yarada bilər. Bu baxımdan region ölkələri mümkün risklərə hazır olmalıdır. Lakin bu, İranda baş verən insanlıq əleyhinə cinayətlərin üstünün örtülməsi anlamına gəlməməlidir. Proseslərin dondurulması və reaksiya verilməməsi mövcud rejimin ömrünü uzatmaqdan başqa nəticə vermir. Buna görə də zaman-zaman riskli, lakin zəruri addımların atılması qaçılmaz hesab olunur.
Gülnaz Abdullazadə
