ABŞ-ın nəhəng bankı AÇIQLADI: qızıl yeni tarixi rekordu qıra bilər

Yaxın Şərqdə baş verən son hadisələr qlobal bazarlara da təsir göstərməkdə davam edir. Müharibə narahatlıqları fonunda bir müddət geriləyən qızıl qiymətləri, “sülh ümidlərinin” güclənməsi ilə yenidən yüksəlişə keçib.

Referans MEDİA xəbər verir ki, hazırda unsiya qızılın qiyməti 4700 dollar səviyyəsinə yaxınlaşır.

Morgan Stanley isə qızıl bazarı ilə bağlı diqqət çəkən proqnoz açıqlayıb. Bankın Metallar və Mədənçilik üzrə əmtəə strateqi Amy Goverin hazırladığı son hesabatda bildirilib ki, ilin sonuna qədər qızılın unsiya qiyməti 5200 dollara çata bilər.

Bu proqnoz mövcud qiymətlərdən təxminən 10 faiz daha yüksək səviyyəyə işarə edir.

Gover bildirib ki, İran ətrafında artan gərginliyə baxmayaraq, qızılın son aylarda gözlənilən qədər güclü bahalaşmaması təəccüblü deyil.

Onun sözlərinə görə, müharibənin yaratdığı enerji təchizatı riskləri ABŞ-da faiz endirimi ehtimallarını zəiflədib. Bu səbəbdən qızıl əvvəlki böhran dövrlərində olduğu kimi tam şəkildə “təhlükəsiz liman” rolunu oynaya bilməyib.

Ekspert vurğulayıb ki, hazırda qızıl bazarında əsas müəyyənedici faktor geosiyasi hadisələrdən çox mərkəzi bankların qərarlarıdır.

“Qızıl qiymətləri artıq yalnız hadisələrin özünü deyil, həmin hadisələrə verilən iqtisadi və monetar reaksiyaları qiymətləndirir,” – deyə Gover qeyd edib.

Morgan Stanley bazarların əksinə olaraq, ABŞ-də hələ də ən azı bir faiz endirimin olacağını düşünür. Bankın proqnozuna görə, ilk faiz endirimi gələn ilin yanvarında, ikinci addım isə 2027-ci ilin martında baş verə bilər.

Analitiklər hesab edir ki, mümkün faiz endirimləri qızıl qiymətlərinin daha da yüksəlməsinə dəstək verəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki