ABŞ İranın dəmir yolu xəttini vurdu: Hərəkət dayandırıldı

ABŞ ilə İran arasında gərginlik daha da dərinləşib. İranın sabiq ali dini lideri Əli Xamenein Məşhəd şəhərində keçiriləcək dəfn mərasimi öncəsi ABŞ-ın Tehran–Məşhəd strateji dəmir yolu xəttinə zərbə endirdiyi bildirilir. Hücumdan sonra qatarların hərəkəti dayandırılıb, mərasimə qatılacaq şəxslərin isə avtomobil nəqliyyatı ilə daşınmasına başlanılıb.

Referans Media xəbər verir ki, İran Dövlət Televiziyası və İran Dəmir Yollarının yaydığı məlumata görə, "ABŞ və İsrailin hücumu" nəticəsində strateji dəmir yolu xəttinə ciddi ziyan dəyib. Hadisədən sonra qatar reysləri qeyri-müəyyən müddətə dayandırılıb.

Sərnişinlər və mərasim iştirakçıları avtobuslarla daşınır

Rəsmilər dəmir yolunda bərpa işlərinə başlandığını açıqlayıblar. Xəttin bağlanması səbəbindən yolda qalan sərnişinlər və Xamenein dəfn mərasiminə qatılmaq istəyən insanlar avtobuslarla Məşhədə çatdırılır. Məlumata görə, əvvəlcə qatarla Məşhədə aparılması planlaşdırılan Əli Xamenein cənazəsi son anda hava yolu ilə şəhərə gətirilib.

Müctəba Xamenei ilk dəfə ictimaiyyət qarşısına çıxa bilər

İran mediasında yayılan iddialara əsasən, ölkənin yeni ali dini lideri Müctəba Xamenei atasının Məşhəddə keçiriləcək dəfn mərasimində ilk dəfə ictimaiyyət və media qarşısına çıxa bilər.

Nəcəf və Qumda izdihamlı vida mərasimləri keçirilib

Əli Xamenei və onunla birlikdə həyatını itirən ailə üzvlərinin nəşi əvvəlcə İraqın Nəcəf şəhərində Həzrət Əlinin türbəsində izdihamlı mərasimlə qarşılanıb. Mərasim zamanı minlərlə insan ABŞ və İsrail əleyhinə şüarlar səsləndirib. Daha sonra Qum şəhərində keçirilən vida mərasimində də milyonlarla insan iştirak edib. İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, Əli Xamenein cənazəsi meydana gətirilən zaman çox sayda insan göz yaşlarını saxlaya bilməyib.

Kərbəlada da etiraz şüarları səsləndirilib

İraqın Kərbəla şəhərində keçirilən mərasimdə də minlərlə insan iştirak edib. Toplaşanlar "ABŞ-a ölüm" və "İsrailə ölüm" şüarları səsləndiriblər. Əli Xamenein nəşinin Həzrət Hüseyn və Həzrət Abbas türbələrinə aparılacağı, burada da dini mərasimlərin keçiriləcəyi bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki