Mərakeş Kralından Trampa tarixi jest: Ölkənin ən böyük magistralına onun adı verildi

Mərakeş Kralı VI Məhəmməd ölkənin cənubunu Qərbi Səhraya birləşdirən 1 055 kilometrlik Tiznit-Daxla avtomobil magistralına ABŞ Prezidenti Donald Trampın adını verib.

Referans MEDİA xəbər verir ki, Donald Tramp qərarla bağlı özünün "Truth Social" hesabında paylaşım edərək Mərakeş kralına təşəkkürünü bildirib.

ABŞ prezidenti paylaşımında bunları yazıb:

"Mərakeş Kralı Əlahəzrət VI Məhəmmədə təşəkkür edirəm. Bu, mənim üçün böyük şərəfdir. Ümid edirəm ki, yaxın vaxtlarda bu möhtəşəm magistralı əvvəldən axıradək qət etmək imkanım olacaq."

Təxminən 1 055 kilometr uzunluğunda olan Tiznit-Daxla magistralı Mərakeşin Atlantik okeanı sahili boyunca uzanaraq Guelmim, Tan-Tan, Layun və Bucdur şəhərlərindən keçərək Daxlaya çatır.

Mərakeş hökuməti ölkənin cənub bölgələrinin inkişafı proqramı çərçivəsində layihəyə 2015-ci ildə start verib. Təxminən 10 milyard dirhəmə başa gələn magistralın tikintisi və modernləşdirilməsi işləri başa çatdıqdan sonra yol 2025-ci ilin yanvarında tam istifadəyə verilib.

Layihənin əsas məqsədi nəqliyyat təhlükəsizliyini artırmaq, səfər müddətini azaltmaq və ölkənin mərkəzi ilə cənub vilayətləri arasında ticarət əlaqələrini gücləndirməkdir. Magistralın, hazırda tikintisi davam edən və onilliyin sonlarında fəaliyyətə başlaması planlaşdırılan Daxla Atlantik Limanı ilə nəqliyyat əlaqələrini də təmin edəcəyi gözlənilir.

Qeyd edək ki, Donald Trampın prezidentliyi dövründə, 2020-ci ildə, ABŞ administrasiyası Qərbi Səhra üzərində Mərakeşin suverenliyini tanıyan ilk ABŞ hökuməti olmuşdu. Tiznit-Daxla magistralına Trampın adının verilməsi də Rabat və Vaşinqton arasında strateji münasibətlərin rəmzi addımı kimi qiymətləndirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki