ABŞ İranın Hörmüz boğazını açması müqabilində Tehrana qarşı tətbiq olunan sanksiyaları ləğv etməyi nəzərdən keçirmir.
Referans Media xəbər verir ki, bunu ABŞ Dövlət Katibi Marko Rubio Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələr zamanı bildirib.
“Xeyr, bu məsələ müzakirə edilməyib. Belə bir təklif olmayıb”, – deyə dövlət katibi vurğulayıb.
O bildirib ki, sanksiyaların yumşaldılması yalnız onların tətbiq edilməsinə səbəb olan amillərin aradan qaldırılması halında mümkündür. Rubionun sözlərinə görə, İranın nüvə proqramı ABŞ sanksiyalarının əsas səbəblərindən biridir.
“İran nüvə fəaliyyəti ilə əlaqədar sanksiyalar altındadır. Əgər Tehran bu fəaliyyətdən imtina etməyə razılaşsa və öhdəliklərinə əməl etsə, o zaman sanksiyaların yumşaldılması məsələsi nəzərdən keçirilə bilər”.
Qeyd edək ki, ABŞ bundan əvvəl İrana qarşı sanksiyaları daha da genişləndirərək 28 qurum, 19 tanker və 4 fiziki şəxsi məhdudiyyətlər siyahısına daxil edib. Yeni sanksiyalar siyahısına İranla yanaşı, BƏƏ, Panama, Marşal Adaları və Honkonqda qeydiyyatdan keçmiş 28 təşkilat daxildir. Məhdudiyyətlər həmçinin müxtəlif ölkələrin bayraqları altında fəaliyyət göstərən 19 tankeri də əhatə edir./Globalinfo.az
